Sotiriadis: “Qərb Ermənistana yalnız kökə göstərir”

      Sotiriadis:    “Qərb Ermənistana yalnız kökə göstərir”
  14 Oktyabr 2024    Oxunub:1360
Qərbin Ermənistanla bağlı kompleks şəklində strategiyası yoxdur.
AzVision.az xəbər verir ki, ABŞ Dövlət departamentinin məsləhətçisi və Xarici Xidmət İnstitutunda Cənubi Qafqaz üzrə təlim materiallarının hazırlanmasına cavabdeh olan Ceyk Sotiriadis “Caucasus Watch” nəşrinə müsahibəsində belə deyib.

“Ermənistan olduqca qeyri-sabit regionda kiçik, həssas ölkədir və ümidsiz şəkildə təhlükəsizliyinə təminatçı axtarır. Qərblə əlaqə yaratmaq cəhdlərinə baxmayaraq, sonuncunun Ermənistanın ehtiyaclarını ödəmək üçün hərtərəfli strategiyası yoxdur. Vizaların liberallaşdırılması və Avropa İttifaqına (Aİ) daha geniş çıxış vədləri hələ də reallaşmayıb. Ermənistanın gözünün qarşısında kökə yelləməkdə davam edir, lakin nəzərəçarpacaq nəticələr əldə edə bilməyib. Bu, Qərbi Balkanlarda - çox vədlər verilmiş, lakin tez-tez qapıda gözlədilən bir bölgədə gördüyümüz vəziyyətə bənzəyir”, - analitik vurğulayıb.

Sotiriadisin fikrincə, Qərb bu regionlarda ona etimadın qorunub saxlanmasını istəyirsə, öz yanaşmasını yenidən nəzərdən keçirməli və yalnız vədlər verməli deyil, həm də real strateji əlaqənin təminatı üçün qətiyyətli hərəkət etməlidir.

- Enerji təchizatında demək olar ki, 100% Rusiyadan asılı olan Ermənistan üçün Moskvadan, sadəcə, “imtina etmək” asan variant deyil. Buna görə də, Vaşinqton ABŞ-nin əsas rəqibləri olan Rusiya və İran kimi ölkələrdən regional asılılığı nəzərə alaraq, uzunmüddətli sabitlik və ABŞ maraqlarına uyğun strateji uyğunlaşma formatının yenidən qurulmasına və yaradılmasına kömək etməlidir. Vladimir Putinin Bakıya son səfəri Rusiyanın regionda vasitəçi rolunu, xüsusilə Ermənistan və Azərbaycan arasında sülh danışıqları məsələsində öz rolunu saxlamaq istəyini nümayiş etdirib. Ermənistan və Azərbaycan yavaş-yavaş Rusiyanın birbaşa müdaxiləsi olmadan ikitərəfli sülh sazişinə doğru irəliləsə də, sazişin imzalanması perspektivi qeyri-müəyyən olaraq qalır. Biz Türkiyənin Cənubi Qafqaza münasibətdə artan iştirakını və strateji baxışını da qiymətləndirməyə bilmərik. Çünki bu məqamlar 1990-cı illərin əvvəllərindən bəri regionun geosiyasi mənzərəsindəki ən dərin dəyişikliklərdən biridir”, - Ceyk Sotiriadis vurğulayıb.

Analitik Cənubi Qafqazın bu gün bütün dünyada cərəyan edən daha geniş çoxqütblü rəqabətin mikrokosmosuna çevrildiyini deyib. Onun iddiasına görə, hazırda tarixdə transformasiya dövrü yaşanır və bu gün qəbul edilən xarici siyasət qərarları növbəti 50 il ərzində qlobal geosiyasət trayektoriyasına təsir göstərəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qərb   Ermənistan   kökə  





Xəbər lenti