Makron-Netanyahu qarşıdurması sərtləşir

   Makron-Netanyahu qarşıdurması    sərtləşir
  16 Oktyabr 2024    Oxunub:1214
İsrailin baş naziri Benyamin Netanyahu və Fransa prezidenti Emmanuel Makron Livanda İsraillə “Hizbullah” arasındakı münaqişəni müzakirə etdikləri telefon danışığından sonra ictimai ittiham mübadiləsi aparıblar.
AzVision.az “Frans Press” agentliyinin (AFP) yaydığı məlumata istinadən xəbər verir ki, Emmanuel Makron öz bəyanatında Netanyahunu İsraili yaradan BMT-yə qarşı çıxmaqda günahlandırıb.

“Cənab Netanyahu unutmamalıdır ki, ölkəsi BMT-nin qərarı ilə yaradılıb. Ona görə də indi BMT-nin qərarlarına məhəl qoymamağın vaxtı deyil”, - Fransa prezidenti ölkə hökumətinin həftəlik iclasında 1947-ci ilin noyabrında BMT Baş Assambleyasının Fələstini yəhudi və ərəb dövlətlərinə bölmək planı ilə bağlı qətnaməsinə istinadən deyib.

Makronun Yelisey sarayındakı qapalı iclasda söylədiyi şərhləri “AFP”-yə danışan və adının çəkilməsini istəməyən bir iştirakçı sitat gətirib. Bundan sonra İsrail hökumətinin başçısının cavabı özünü çox gözlətməyib.

- Fransa prezidentinə xatırladıram: İsrail dövləti BMT-nin qərarı ilə deyil, Holoksotdan, o cümlədən Fransadakı Vişi rejimindən qurtularaq, Müstəqillik Müharibəsində qəhrəman döyüşçülərin qanı ilə əldə edilmiş qələbə sayəsində yaradılıb”, - Benyamin Netanyahu Makrona vaxtı ilə Fransada yəhudilərə divan tutan faşist Vişi rejiminin olduğunu xatırladıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) 2006-cı il avqustun 12-də qəbul etdiyi1701 saylı qətnaməyə əsasən, Livanın cənubunda yalnız Livan Ordusu və BMT-nin Livandakı Müvəqqəti Qüvvələri yerləşdirilməlidir.

Ötən bazar günü BMT-ni Livanın cənubunda yerləşdirilmiş 700 fransız əsgəri də daxil olmaqla 10 min nəfərlik sülhməramlı qüvvələri “təhlükəli vəziyyətdən” uzaqlaşdırmağa çağıran Netanyahu, “Hizbullah”ın onlardan “canlı qalxanı” kimi istifadə etdiyini bildirib.

Bundna əvvəl isə, İsrailin baş naziri ilə Fransa prezidenti arasında telefon danşığını şərh edən Netanyahunun ofisinin açıqlamasına görə, Təl-Əvivin Livanda birtərəfli atəşkəslə razılaşmağa qarşı olması Parisin diqqətinə çatdırılb.

İsraili mediası yazır ki, Makronla Netanyahu arasında sərt bəyanatlar mübadiləsinin ardınca, Fransa hökuməti İsrailin müdafiə şirkətlərinə noyabrın 4-dən 7-dək Vilpentyedə keçiriləcək dünyanın ən böyük dəniz silahları sərgilərindən biri olan “Euronaval”da iştirakına qadağa qoyub. İsrailin “Sənayeçilər Assosiasiyası”nın sədri Ron Tomer bu qərara ayrı-seçkilik kimi etiraz etmək niyyətində olduğunu açıqlayıb.

İsrail KİV-ləri, həmçinin daha əvvəl Parisdə keçirilən “Eurosatory” silah sərgisində də İsrailin iştirakının qadağan olunduğunu, lakin məhkəmənin bu qərarı ləğv etdiyini xatırladırlar. “Eurosatory” sərgisinin fəaliyyət göstərdiyi ilk günü girişdə israillilərin iştirakına icazə verilmədiyini xatırladan iri lövhələr qoyulmuş, içəri girənlər isə İsrailli və İsrail şirkətləri ilə əlaqəsi olmadıqlarına dair bəyannamə imzalamağa məcbur edilmişdilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Makron   Netanyahu   qarşıdurma  





Xəbər lenti