“Sahil” metrosunu suyun altında qalmaqdan xilas etdik - “Azərsu”
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AzVision.az-a açıqlamasında bildirib ki, “Azərsu” ASC-nin xətləri ötən gün tam işlək vəziyyətdə olub.
A.Cəbrayıllı qeyd edib ki, yağışdan yarım saat sonra su yığılmaları tam aradan qaldırılıb: "Hazırda kollektorlarımız tam ötürücülük gücü ilə işləyir. Bunların hamısı 70-80-ci illərdə çəkilmiş kollektorlardır. 2012 və 2015-ci illərdə xüsusi aparatarla onların vəziyyətini öyrənib, yüksək təzyiqli maşınlarla yumuşuq. Həmin kollektorlardan 12 min kubmetr bərk məişət tullantısı çıxarmışıq. Nəticədə onların 100% ötürücülük qabiliyyətini təmin etmişik”.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti dünən paytaxtda yağan güclü yağış və yollarda yaranan gölməçələrlə bağlı açıqlama yayıb. Məlumatda bildirilib ki, mərkəzdə yağış sularının fəsadlarının daha çox olmasının təbii səbəblərindən əlavə texniki səbəbi də olub. Onlardan biri kimi “Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilinməməsi göstərilib.
Əlavə edilib ki, həmin gün Neftçilər prospekti boyu uzanan ”Sahil” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılması da əlavə problem yaradıb.
Şahanə Rəhimli
AzVision.az