Prezident və birinci xanım Üzeyir Hacıbəylinin ev-muzeyində olublar - FOTO - YENİLƏNİB

  Prezident və birinci xanım Üzeyir Hacıbəylinin ev-muzeyində olublar -  FOTO - YENİLƏNİB
  10 May 2024    Oxunub:1488
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Heydər Əliyev Fondu Şuşa şəhərində Üzeyir Hacıbəylinin ev-muzeyində bərpa işlərini davam etdirir. Üzeyir Hacıbəylinin evi Şuşada XIX əsrdə inşa olunub. Bina 1959-cu ildə ev-muzeyi kimi fəaliyyətə başlayıb. Görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhəri işğal edilən tarixədək fəaliyyət göstərib. Muzeydə dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı 1700 eksponatdan erməni işğalçı qüvvələrinin vəhşiliyi nəticəsində yalnız 136-sı salamat qalıb, digərləri məhv edilib.

Məlumat verildi ki, binadakı bərpa işlərinə evin ilkin görünüşünə uyğun olaraq analizlərin hazırlanması, bünövrələrin möhkəmləndirilməsi, döşəmənin, fasadların və dam örtüyünün bərpası, daxili və xarici bəzək işləri, qapıların, pəncərələrin, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılması, həmçinin həyətyanı sahənin yaşıllaşdırılması işləri daxildir. Bu günədək bərpa layihəsinin hazırlanması, ərazidə mövcud divar daşlarının sökülərək, ölçülərinə görə inventarlaşdırılması, dağılmış hissələrdə bünövrələrin qazılması və sahənin ümumi təmizlənməsi işləri aparılıb. Həmçinin material analizi üzrə nümunələr götürülərək Türkiyədəki laboratoriyada tədqiq edilib, konservasiya və restavrasiya hesabatları yerinə yetirilib. Muzeyin memarlıq, konstruksiya həlli və mühəndis-kommunikasiya sistemləri üzrə işçi layihələri yekunlaşıb, bünövrənin armaturlanması icra olunub. Ev-muzeyinin daxilində divarlar və arakəsmələr hörülüb, döşəmənin bərpası işləri görülüb. Həyətyanı sahədə tarixi görkəmə uyğun hörgü işləri və dekorativ elementlərin qoyulması da başa çatdırılıb. 2022-ci ildə başlanan bərpa işləri yekunlaşandan sonra muzeydə ekspozisiya qurulacaq.

* * *

15:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar.
AzVision.az -ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

AzVision.az


Teqlər: Prezident   Şuşa   bəstəkar   ev-muzeyi  





Xəbər lenti