"Təəccüblənmədim... arzum idi" - Yüksək bal toplayanlarla söhbət

 "Təəccüblənmədim... arzum idi" - Yüksək bal toplayanlarla söhbət
  17 Aprel 2024    Oxunub:2837
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanında 300 bal toplayan şagirdlərin siyahısını açıqlayıb. Qeyd olunub ki, imtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Bu abituriyentlərdən biri də Naxçıvan MR Şərur rayonu, Fizika-riyaziyyat təmayüllü liseyinin şagirdi Əbilov Ziya Namiq oğludur.

Təəssüratlarını AzVision.az -la bölüşən Ziya bildirib ki, 1-ci ixtisas qrupu üzrə hazırlaşır.

"Nəticə məni o qədər də təəccübləndirmədi. Suallar orta səviyyəli idi. İmtahan rahat və yaxşı keçdi. Mən olduğum otaq çox sakit idi, ona görə də bütün diqqəti testə vermək asan oldu. DİM-in testlərindəki suallar ilə oxşar idi.

Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil almağı arzulayıram. Ümid edirəm ki, qabaqdakı blok imtahanında daha uğurlu nəticələrə nail olaram. Repetitorların böyük köməyi olub".

Digər yüksək bal toplayan abituriyentlərdən biri isə Naxçıvan şəhəri, 1 saylı orta məktəbin şagirdi Hüseynzadə Hafizə Canpolad qızıdır. O, 3-cü ixtisas qrupu üzrə hazırlaşır:

"Bu nəticəni gözləyirdim. Çünki qarşıma məqsəd qoymuşdum və bunun üçün çox hazırlaşırdım. İmtahan mənim üçün rahat keçdi, suallar çətin gəlmədi. Hədəfim növbəti imtahanda 700 bal yığmaqdır".

Quba rayonu, Aşağı Atuc kənd orta məktəbinin şagirdi Gülməliyeva Sevil Rövşən qızı da yüksək bal toplayanlar sırasındadır. Onun uşaq vaxtından ən böyük arzusu 700 bal toplamaq olub:

"Çox böyük əzmlə çalışmışam. Özümə güvənirdim. İmtahan mənim üçün çox asan keçdi. Cavablar çıxanda çox sevindik. Bütün müəllimlərimə təşəkkür edirəm. Bakı Dövlət Universitetinin Hüquq fakültəsindətəhsil almaq istəyirəm".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti