Aİ-nin Cənubi Qafqazda sülhə növbəti “töhfəsi”

   Aİ-nin Cənubi Qafqazda sülhə növbəti    “töhfəsi”
  23 İyul 2024    Oxunub:3697
Avropa Siyasi Birliyinin (ASB) Londonda keçirilən sammitində Fransa-Ermənistan cütlüyünün təxribatçı siyasətini Avropa İttifaqının üzvü olan ölkələrin Xarici İşlər nazirləri özünəməxsus qaydada davam etdiriblər.
Nikbin bəyanatların iflası

Vaşinqtonda NATO-nun 75 illiyinə həsr olunmuş sammit çərçivəsində ABŞ-nin Dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündən sonra Amerika rəsmiləri ənənəvi qaydada tərəflərin sülh sazişinin imzalanmasına çox yaxın olduqları barədə nikbin bəyanatlar səsləndirdilər. Bu müstəvidə ən çox fərqlənən elə ABŞ-nin Dövlət katibinin özü oldu.

“ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-nin da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-nin razılaşmanın əldə olunması üçün nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq”, - görüşün nəticələrini şərh edən Blinken dedi.

Doğrusu, Blinkeinin bəyanatında Vaşinqtonun və Avropa İttifaqının (Aİ) sülh prosesinə verdiyi birgə dəstək barədə iddiasının həqiqəti əks etdirmədiyi heç kimə sirr deyildi. Çünki, Qərbin hələlik bu prosesə verdiyi “töhfə” bu il aprelin 5-də Brüsseldə baş tutan Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşü çərçivəsində əldə olunan razılaşmaya əsasən İrəvana hərtərəfli iqtisadi-siyasi və hərbi dəstək şəklində özünü göstərir. Məhz həmin görüşdə Vaşinqton və Brüssel Ermənistana müvafiq qaydada 65 milyon dollar və 270 milyon avro həcmində qrant yardımı ayırdıqlarını bəyan etdilər.


İyulun 15-də isə Ermənistanda “Qartal tərəfdaşı 2024” (“Eagle Partner 2024”) adlı erməni-amerikan birgə hərbi təlimlərinə start verildi. Bu təlimlərin məntiqi nəticəsi kimi Ermənistanın Müdafiə nazirliyində ABŞ ordusunun nümayəndəsinin işləməsi barədə razılıq da əldə olunub.

Yeri gəlmişkən, İrəvana aludəliyini yalnız bu hərbi təlimlərlə məhdudlaşdırmayan Vaşinqton hətta Ermənistanda yeni nüvə reaktoru yaratmağı planlaşdırır.

Ağadan qalma dala

Demək olar ki, yarandığı gündən, xüsusilə də SSRİ-nin süqutundan sonra istər Cənubi Qafqazda, istərsə də dünyanın digər regionlarında yaşanan proseslərdə ABŞ-nin əlaltısı rolunu oynayan Avropa İttifaqı da Ermənistana münasibətdə öz süzerenindən – Vaşinqtondan heç də geri qalmaq istəmədəyini dəfələrlə sübut edib. Dünən isə bu məsələdə ABŞ-Avropa “rəqabəti”nin növbəti məzhəkəsi oynanıb.

Avropa İttifaqına üzv dövlətlərin Xarici İşlər nazirlərinin yığıncağında Ermənistana hərbi məqsədlər üçün nəzərdə tutulan çadırların göndərilməsinə 10 milyon avro vəsait ayrılması barədə qərar qəbul edilib.

“Aİ ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıqda mühüm addım atılıb. Bu əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə və Ermənistanın Aİ missiyalarında iştirakına ümidvaram”, - Avropa İttifaqının Xarici Siyasət və Təhlükızilik üzrə Ali nümayəndəsi Josep Borrel bildirib.

Maraqlıdır ki, Ermənistana hərbi sahədə göstəriləcək bu yardım Avropa Sülh Fondu tərəfindən ayrılacaq. Sülh Fondunun hərbi yardımlara vəsait ayırması ancaq xəstə təxəyyülün məhsulu ola bilər ki, Aİ-də bunu nou-hau kimi gündəmə gətirib.

Lakin Jozep Borrelin böyük fəxarət hissi ilə İrəvana çatdırdığı müjdə yalnız bundan ibarət olmayıb. Artıq “axsaq ördəyə” çevrilmiş Borrel Aİ Şurasının Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq barədə qərara gəldiyini də açıqlayıb.

Sözsüz ki, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan bu qərarların Ermənistanla Aİ arasında tərəfdaşlığın dərinləşməsi yolunda atılmış mühüm addımlar kimi qiymətləndirib.

Amma hətta ötəri bir baxış da Aİ-nin və ümumiyyətlə Qərbin Ermənistanla apardığı “qarşılıqlı məhəbbət” oyununun həm sağlam məntiqdən, həm də regionda sülhün və təhlükəsizliyin təminatı ilə bağlı Brüssel bürokratiyasının boğazdan yuxarı səsləndirdiyi bəyanatlardan nə qədər uzaq olduğunu göstərir.

Çünki nəinki iqtisadi kollapsla, hətta ciddi demoqrafik böhranla üzləşmiş Ermənistanla viza rejiminin liberallaşdırılmasının sadə ermənilərə hansısa imtiyazlar verəcəyinə inanmaq sadəlöhvlük olardı. Belə ki, Ermənistan vətəndaşlarının xeyli hissəsi yaxşı güzəran axtarışı ilə ölkəni çoxdan tərk edib. Qalanlar üçün isə vahid Avropa ailəsi ilə viza rejiminin liberallaşdırılmasının heç bir isti-soyuğu yoxdur. Bu, sadəcə, Ermənistanı Rusiyanın nüfuzu orbitindən çıxarmaq üçün nümayiş etdirilən “yağlı kökə”dir.

Amma belə “kökə”lərin son nəticədə hansı faciələrə gətirib çıxardığına Gürcüstanda, Ukraynada və Moldovada baş verən hadisələr şahidlik edir. Ukraynanın beynəlxalq miqyasda tanınmış ərazilərinin təxminən 20%-dən çoxunu itirməsi məhz belə siyasətin açı nəticəsidir. Son vaxtlar isə Brüssel Moldovanı da Rusiya ilə açıq şəkildə hərbi qarşıdurmaya sövq etməyə çalışır. Digər tərəfdən, vaxtı ilə ayrılan vəsaitlər və sadələşdirilmiş viza rejimi qarşılığında Moskva-Tbilisi münasibətlərini düşmənçilik həddinə çatdıran Qərb indi “Xarici təsirlərin şəffalığı haqqında” Qanuna görə, Gürcüstan hökumətini açıq-aşkar hədələyir. Beləliklə də, bir daha sübut olunur ki, öz pulunu yaxşı hesablamağı bacaran Qərb heç kimə müftə-müfəssəl “yağlı kökə” vermir, bunun qarşılığında böyük xidmətlər və qurbanlar tələb edir.

Eyni zamanda Rusiyanın Cənubi Qafqazda iştirakına son qoymağa çalışan kollektiv Qərb, əslində Ermənistanı silahlandırmaqla regionda yeni müharibənin alovlanması təhlükəsini gücləndirir. Bu baxımdan, Aİ-nin və NATO-nun aparıcı üzvlərindən olan Fransanın Ermənistanı sürətlə silahlnadırması regionda davamlı sülhün yaradılması yönündə Azərbaycanın apardığı ardıcıl siyasətə diametral şəkildə ziddir. Rəsmi Parisin bu siyasətini Aİ nəinki qınamır, əksinə Ermənistana əlavə dəstək verməklə digər ölkələri də buna şirnikləndirir.

Amma iqtisadi-siyasi və hərbi parametrlərə görə Cənubi Qafqazın autsayderi olan Ermənistana Qərbin, xüsusilə də Aİ-nin göstərdiyi hərtərəfli dəstəyə rəğmən, regionun gündəmini müəyyənləşdirən Azərbaycan istənilən təhdid cəhdlərini dəf etməyə qadirdir. Bundan əlavə, regiondan kənar aktorların burada yeritməyə çalışdıqları siyasətin qəti şəkildə əleyhinə çıxan Türkiyə və Ermənistanı öz nəzarətindən buraxmaq istəməyən Rusiya da İrəvanın Qərblə apardığı ikibaşlı oyunlardan çox narazıdırlar. Bu baxımdan, Qərbin “tələdəki pendiri” xatırladan ianələri Ermənistana yaxşı heç nə vəd etmir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ermənistan   sülh  





Xəbər lenti