Ermənistanda diplomsuz "məmurlar ordusu" formalaşıb

   Ermənistanda diplomsuz    "məmurlar ordusu"    formalaşıb
  24 İyul 2024    Oxunub:2003
Ermənistan mediasında maraqlı araşdırmaları ilə tanınan jurnalist Oskan Sarkisyan məmurlarla bağlı bir sıra faktları üzə çıxarıb. O, "Mamul" nəşrində yazıb ki, bəzi məmurlar nəinki idarəçiliyi bacarmır, onların heç ali təhsili belə yoxdur.
"Onlar universitet oxumayıblar, diplomları yoxdur. Məsələn, Tavuş vilayətinin 6 yaşayış məntəqəsinin rəhbəri tutduğu vəzifədən azad edilib. Altı nəfərdən beşi Azərbaycanla həmsərhəd kəndlərin rəhbəri idi. Bu beş məmur yalnız orta təhsil alıb", - o, ölkədəki anormal idarəçilikdən gileylənib.

Erməni jurnalist onlarla diplomsuz müəllim və məmur aşkarladı
Jurnalist əslində yerlərdə məmurların savadsız olmasının təəccüblü hal olmadığını da yazıb. Sarkisyan Nikol Paşinyanın da diplomunun olmadığını xatırladıb: "Ölkənin baş naziri necədirsə, onun məmurları da elə olur. Ali təhsili olmayan Paşinyan artıq 6 ildən çoxdur ki, Ermənistanın baş naziridir. O, əvvəllər yanacaqdoldurma məntəqəsində xidmətçi işləyib, Dilican kollecini bitirib, hazırda Avropa Universitetində qiyabi təhsil alır. Dilican demişkən, şəxsi işində cinsini “kişi” kimi göstərən David Sarkisyan 5 ildən çoxdur ki, Dilican şəhəri və ona bitişik 6 kənddən ibarət böyük Dilican icmasına rəhbərlik edib".

Ermənistanda "Yerli özünüidarə haqqında” qanunun tələblərindən biri də odur ki, 1000 və daha çox əhalisi olan yaşayış məntəqəsinin inzibati rəhbərinin ali təhsilli olması vacibdir.

Xatırladaq ki, Sarkisyan may ayında apardığı araşdırmalar zamanı təkcə Tavuş vilayətində işdən çıxarılan 55 müəllimin ali təhsili olmadığını və diplomu olmayan məmurların müxtəlif vəzifələrdə işlədiyini üzə çıxarmışdı.

Qeyd edək ki, Nikol Paşinyan İcevan orta məktəbində təhsil alıb. O, 1991-1995-ci illərdə Yerevan Dövlət Universitetində oxusa da, təhsilinin beşinci ilində, siyasi səbəblərə görə qovulub.

Nikol Paşinyan jurnalist kimi fəaliyyətə başlayıb və 1998-ci ildə öz qəzetini qurub. Bir il sonra qəzet bağlanıb. O, daha sonra 1999-2012-ci illərdə “Haykakan Zhamanak” (“Ermənistan Vaxtı”) qəzetinə redaktorluq edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Diplom   Jurnalist  





Xəbər lenti