Xəzərdə brokonyerlik edən şəxslər saxlanılıb

Xəzərdə brokonyerlik edən şəxslər saxlanılıb
  26 İyul 2024    Oxunub:941
Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan Xəlil Həsənov saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, yoxlama zamanı ondan “Yamaha” mühərriki ilə təchiz edilmiş qayıq, qadağan olunmuş balıqovlama alətləri və qanunsuz ovladığı kefal balıqları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Su polisləri tərəfindən Xəzər dənizinin Bibiheybət qəsəbəsi istiqamətində həyata keçirilən tədbir zamanı isə həvəskar balıqçı adı altında qanunsuz balıq ovu ilə məşğul olan Rasim Nəciyev də saxlanılıb. Həmin şəxsdən “Yamaha” mühərriki ilə təmin olunmuş qayıq, qadağan olunmuş balıqovlama alətləri, qanunsuz ovladığı kefal və kütüm balıqları aşkarlanıb.

Araşdırma zamanı bu şəxslərin su bioresurslarından qanunsuz istifadə etmələri nəticəsində ekologiyaya 2 min manata yaxın maddi ziyan vurduqları müəyyən edilib. Faktlarla bağIı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar aparılır.

“Bir daha nəzərə çatdırılır ki, hazırda balıqların kürü verən vaxtı olduğu üçün balıqovlama mövsümü sentyabr ayına qədər dayandırılıb. Bütün qadağalara baxmayaraq, xüsusən körpə balıqların qanunsuz ovlanması hallarına hələ də rast gəlinməkdədir. Qeyd edilən qanunsuz əməllərə yol verən brokonyerlərə xəbədarlıq edilərək bildirilir ki, onlar barəsində cinayət və inzibati qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək”, - deyə DİN-in məlumatında bildirilib.

Qeyd edək ki, su polisləri tərəfindən Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların ovlanmasının qarşısını almaq məqsədilə nəzarət tədbirləri digər qurumlarla birgə sahil boyu bütün ərazilərdə davam etdirilir. Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən mübarizə mütəmadi olaraq aparılır.

Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti