"Baltik böhranı" böyüyür: NATO dənizi nəzarətə götürür

   "Baltik böhranı" böyüyür:  NATO dənizi nəzarətə götürür
  15 Yanvar 2025    Oxunub:397
Baltik dənizində sualtı kabellərin zədələnməsi NATO ölkələrini təşvişə salıb. Buna görə də hərbi bloka daxil olan ölkələr dənizə tam şəkildə nəzarət etmək istəyirlər.
Bu fikirlər Almaniyanın “Der Spiegel” jurnalında dərc olunan məqalədəndir.

Qərb Putinin Aİ ilə müharibəyə başlamasını etiraf etməyə qorxur - "The Atlantic"
Məqalədə qeyd olunub ki, yanvarın 15-də Almaniya, Danimarka, Estoniya, Finlandiya, Latviya, Litva, Polşa və İsveçin nümayəndələri Helsinkiyə toplaşıblar. Prezident sarayında görüşən rəsmilər Baltik dənizi üzrə qonşu ölkələr kimi dənizdəki son təxribatı müzakirə ediblər.

Onlar Rusiyanı "kabel olayları"nda şübhəli bildiklərini və Moskvanı “təxribatçı dəniz manevrləri”ndə ittiham etdiklərini gizlətməyiblər. Müəlliflər yazıb ki, bununla əlaqədar olaraq hətta NATO Baltik dənizində nəqliyyata nəzarət etmək üçün xüsusi missiyaya da başlayıb.

“Ümumilikdə müxtəlif ölkələri təmsil edən təxminən on gəminin Baltik dənizi regionunu müşahidə altına alacağı gözlənilir. Belə bir ümid yaranıb ki, onların fəaliyyəti Rusiya üçün müəyyən qədər çəkindirici rol oynayacaq”, – jurnal yazıb.

Dünən Polşanın Baş naziri Donald Tusk da bu mövzuya toxunmuşdu. O, bəyan edib ki, NATO ölkələri Baltik dənizinin neytral sularında gəmilərə nəzarət hüququnu təmin etmək niyyətindədir.

Qeyd edək ki, yanvarın 12-də Baltik dənizində daha bir sualtı kabel zədələnib. SVT telekanalının yaydığı məlumata görə, bu kabel İsveç, Finlandiya, Litva və Almaniyanı birləşdirir.

İsveçin Mülki Müdafiə Naziri Karl-Oskar Bohlin insidentlə bağlı bunları deyib: "İsveç və Litva arasında yerləşən "NordBalt" kabelinin yaxınlığında lövbərin sürüklənməsi izləri var".

Hələlik şübhələr Çinin quru yük gəmisi olan "Yi Peng 3"ə yönəlib. Bolin qeyd edib ki, İsveç Müdafiə Nazirliyi də kabellərin zədələnməsini sahildən 160 kilometr aralıda lövbər salmış Çin gəmisinə aid edir.

İnsidentdən sonra "The Atlantic" nəşri yazıb ki, Rusiya Avropada getdikcə daha çox təxribatlara əl atır. Kreml Qərb ölkələrinin infrastrukturuna daha açıq hücumlar həyata keçirir. Bununla belə, Qərb evfemizmlərə qaçır və Putinin hərəkətlərinin əslində açıq müharibə olmasını birbaşa etiraf etməkdən qorxur. Məqalə müəllifi rusların Qərbə aşkar meydan oxumasına dair bir neçə misal da gətirib. Məsələn, keçən ay Estoniyanı Finlandiya ilə birləşdirən "Estlink 2" strateji sualtı kabeli kəsildi. "Estlink 2" təxribatından qısa müddət sonra Finlandiya səlahiyyətliləri Rusiyanın Sankt-Peterburq şəhərindən Misirə gedən və qabaqcıl müşahidə avadanlığı ilə yüklənmiş "Eagle S" neft tankerini ələ keçirdi. Finlandiya rəsmiləri belə qənaətə gəliblər ki, "Eagle S" "Estlink 2" xəttini sıradan çıxarmaq üçün öz lövbərini bilərəkdən Baltik dənizinin dibi boyunca onlarla kilometr suyun dibi ilə dartıb aparıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Baltik   NATO   Gəmi   Kabel  





Xəbər lenti