Polis Azərbaycanda 161 əcnəbini saxlayıb

   Polis Azərbaycanda 161 əcnəbini saxlayıb
  26 İyul 2024    Oxunub:1129
Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı Daxili İşlər Nazirliyinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, nəticədə daha 34 əcnəbi vətəndaş qeyd olunan qanun pozuntularına yol verdiyi üçün saxlanılıb.

Araşdırmalarla saxlanılanlardan 5 nəfərinin qeydiyyatsız yaşamaqla yanaşı, qanunsuz əmək fəaliyyəti ilə məşğul olması da müəyyən edilib. Həmin əcnəbilərin pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi verildiyi və mənsub olduqları ölkələrdə naməlum şəxslər tərəfindən aldadıldığı müəyyən olunub. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, protokol tərtib edilib və aidiyyəti üzrə təhvil veriliblər.

Qeyd edək ki, 2024-cü ilin əvvəlindən Azərbaycanda yaşama hüququ verən sənədləri olmayan və bir yerdən başqa yerə getdikdə qeydiyyat qaydalarına əməl etməyən 161 əcnəbi vətəndaş polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində tədbirlər görülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti