Müttəfiqləri Makrona yerini göstərdilər

   Müttəfiqləri    Makrona yerini    göstərdilər
  29 Fevral 2024    Oxunub:2333
Son vaxtlar istər ölkə daxilində, istərsə də beynəlxalq arenada sərt tənqid və istehza hədəfinə çevrilmiş Fransa prezidenti Emmanuil Makron növbəti dəfə fiaskoya uğrayıb.
Üç gün əvvəl Fransa prezidenti Emmanuel Makron Avropa liderlərinin Parisdə keçirilən görüşündən sonra Rusiyaya qalib gəlmək üçün Ukraynaya Qərbin quru qüvvələrinin göndərilməsi perspektivini istisna etməyib.

“Bu gün quru qoşunlarının göndərilməsi ilə bağlı konsensus yoxdur, lakin heç nəyi istisna etmək olmaz. Biz Rusiyanın bu müharibədə qalib gəlməsinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Biz əminik ki, Rusiyanın məğlubiyyəti Avropada təhlükəsizlik və sabitlik üçün lazımdır”, - Makron deyib.

O, həmçinin Ukraynanı orta və uzaqmənzilli raket və sursatla təmin edəcək yeni koalisiyanın yaradıldığını da bildirib. Maraqlıdır ki, Makronun bu döyüşkən bəyanatı səsləndirdiyi gün Almaniya kansleri Olaf Şolz yenidən Berlinin Ukraynaya “Taurus” qanadlı raketlər göndərməsinin əleyhinə çıxıb. Almaniya liderinin sözlərinə görə, bu raketlərin Rusiya ərazisinə çatmaq qabiliyyəti nəzərə alınmaqla, Kiyevi yüksək dəqiqlikli silahlarla təmin etmək müharibənin genişlənməsi ilə nəticələnə bilər.

Yelisey sarayında keçirilən konfransda Makronun bəyanatına Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın Xarici İşlər naziri Devid Kemeron, İspaniyanın Baş naziri Pedro Sançez, Hollandiyanın Baş naziri Mark Rutte, həmçinin Skandinaviya və Baltikyanı ölkələrin liderləri şahidlik ediblər. Bu tədbirdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O`Brayenlə, Kanada isə Müdafiə naziri Bill Bleyerlə təmsil olunublar.

Sözsüz ki, Makronun bəyanatına Moskvanın cavabı özünü çox gözlətmədi. Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Qərbun quru qoşunlarının Ukraynaya göndərilməsini Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma kimi qiymətləndirdi.

“Bu halda ehtimaldan yox, qaçılmaz reallıqdan danışmaq lazımdır. Biz bunu belə də qiymətləndirəcəyik. Bu ölkələr də bunu eyni şəkildə qiymətləndirməli və xəbərdar olmalıdırlar. Eyni zamanda,bunun onların, ən əsası isə öz ölkələrinin vətəndaşlarının maraqlarına uyğun olub-olmadığı barədə düşünməlidirlər”, - Peskov vurğulayıb.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Konstantin Kocaçyov isə rəsmən bildirib ki, NATO-nun Ukraynaya daxil olacaq hərbi qüvvələri Rusiya ordusu üçün qanuni hədəfə çevriləcəklər. Bununla yanaşı, Rusiya və NATO orduları arasında hətta qoşun sayının fərqinə görə, Moskvanın asimmetrik cavab olaraq nüvə silahı ilə zərbə endirə bilməsi reallığı da Qərbin diqqətinə çatdırılıb.

Müttəfiqlərindən Makrona rədd cavabı

Amma Makronu gülünc vəziyyətə salan heç də Moskvanın cavabı yox, onun növbəti sərsəm bəyanatına Avropa İttifaqı və NATO üzrə müttəfiqlərinin reaksiyaları oldu.
NATO-nun Baş katibi Yens Stoltenberq dərhal “Associated Press” agentliyinə verdiyi müsahibədə alyansın Ukraynaya öz ordusunu göndərmək planı olmadığını açıqlayıb.

“NATO müttəfiqləri artıq Ukraynaya görünməmiş dəstək verir. Biz bunu 2014-cü ildən edirik və genişmiqyaslı işğaldan sonra intensivləşdirdik. Ancaq NATO qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsi planı yoxdur”, - Stoltenberq deyib.

Almaniya kansleri Olaf Şolz da Avropa ölkələri və Şimali Atlantika Alyansı üzvlərinin Ukraynaya quru qoşunları göndərməsi ehtimalını istisna edib. Şolz Ukraynaya yardım mövzusunda Parisdə keçirilən konfransda ölkəyə quru qoşunlarının göndərilməsinin müzakirə edildiyini təsdiqləyib. Amma, onun sözlərinə görə, görüş iştirakçıları “Ukrayna torpaqlarında nə Avropa quru qoşunlarının, nə də NATO əsgərlərinin olmayacağı” barədə razılığa gəliblər.

Almaniyanın müdafiə naziri Boris Pistorius da avstriyalı həmkarı Klaudiya Tannerlə keçirdiyi birgə mətbuat konfransında alman qoşunlarının Ukraynaya göndərilməsini istisna edib. O, Ukrayna torpağında alman çəkməsinin Almaniya hökuməti üçün məqbul sayılmadığını vurğulayıb.

Parisdə keçirilən görüşdə iştirak edən Polşa prezidenti Andjey Duda Makronun açıqladığı məsələ ilə bağlı “razılaşmanın” olmadığını deyib. İspaniya hökuməti də, öz növbəsində, Avropa İttifaqı qoşunlarının Ukraynaya göndərilməsinə qarşı çıxıb.

Hətta Rusiyaya qarşı sərt tədbirlərin ən qatı tərəfdarı olan Böyük Britaniyanın Baş naziri Rişi Sunakın sözçüsü də bildirib ki, Britaniya hökumətinin Ukraynaya hər hansı böyük qoşun göndərmək planı yoxdur.

BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik isə Makronun bəyanatını şərh edərkən təşkilatın Ukraynadakı münaqişə ətrafında təxribatçı ritorikadan qaçmağa çağırdığını deyb. O, hadisələrin lap əvvəlindən məhz bu mövqeyə sadiq qaldıqlarını vurğulayıb.

Daldan atılan daş topuğa dəyər

Fransanın Avropa İttifaqı və NATO üzrə önəmli müttəfqilərinin reaksiyasından belə bəlli oldu ki, Rusiyaya hərbə-zorba gəlmək məqsədi ilə Makronun verdiyi sərsəm bəyanat əslində Qərbdə böyük qorxuya səbəb olub. Özü də yalnız hökumətlər səviyyəsində deyil, həmin ölkələrin cəmiyyətləri səviyyəsində də. Son bir neçə gündə sosial şəbəkələrdə fransızlar da daxil olmaqla, digər ölkələrin vətəndaşları Makronun ünvanına ən sərt tənqidlər səsləndirirlər.

Emmanuil Makronun məlum bəyanatından sonra Fransanın “Vətənpərvərlər” millətçi partiyasının lideri Florian Filippo ölkəsinin Şimali Atlantika Alyansından çıxmalı olduğunu bildirib. Onun sözlərinə görə, Fransa prezidenti özünü “psixopat” kimi aparır.

Belə gözlənilməz reaksiyalarla üzləşən Makronun komandası dərhal Qərbdə ən məşhur olan “bizi düz başa düşməyiblər” havasını çalmağa başladılar.

Fransa İrəvana qısa, orta və uzun mənzilli raketlər verəcək
Bir müddət əvvəl təcavüzkar Ermənistanın silahlandırılması siyasəti çərçivəsində İrəvana səfərə gəlmiş Fransanın Müdafiə naziri Sebastyan Lekornyunun iddiasına görə, Makronun təklifi milli ordunun hərbi əməliyyatlarda iştirakı demək deyil. Hərbçilər Ukrayna Silahlı Qüvvələrinə minaların təmizlənməsində və ya ukraynalı döyüşçülərin hazırlanmasında kömək edə bilər.

Fransanın Baş naziri Qabriel Attal isə Senatda keçirilən dinləmələrdə qeyd edib ki, Fransa hakimiyyəti hava hücumundan müdafiəni gücləndirmək, Ukrayna ordusuna təlim keçmək və sərhədləri qorumaq üçün öz hərbi personalının Ukraynaya göndərilməsinə icazə verir. Çünki Fransa hökumətinin heç bir nümayəndəsi Rusiyanın Ukraynada qələbəsi perspektivi ilə barışa bilmir, xüsusən də Moskvanın Parisə münasibətdə mövqeyinin sərtləşməsi fonunda.
Eyni zamanda, onun iddiasına görə, Parisin hələlik Ukraynaya hərbi personal göndərmək üçün konkret planları yoxdur, Emmanuel Makron yalnız bu ehtimalı qeyd edib.

Marqlıdır ki, Londonun Makronun bəyanatını rədd etməsinə rəğmən, britaniyalı hərbi ekspert Aleksandr Merkuris Makronun əl-ayağa düşməsinə bir növ haqq qazandırıb.

“Fransa prezidenti Emmanuel Makron cəbhədəki ağır vəziyyətlə bağlı məxfi məlumatlar aldığı üçün tələsik Ukrayna ilə bağlı konfrans çağırıb. Bu isə onu deməyə əsas verir ki, orada vəziyyət hətta bizim, münaqişənin gedişatını günü-gündən izləyən insanların bildiyindən də pisdir”, - Aleksandr Merkuris “Duran” YouTube kanalına müsahibəsində deyib.

Amma bu və ya digər şəkildə Emmanuil Makrona haqq qazandırmaq və ya onun bəyanatının düzgün başa düşülmədiyini izah etmək cəhdləri daldan atılan daşı və yaxud da toydan sonra çalınan nağaranı xatırladır. Onsuz da hakimiyyətdə olduğu müddətdə dəfələrlə səbatsız bəyanatları və əməlləri ilə istehza obyektinə çevrilən Fransa prezidentini təmizə çıxarmaq cəhdləri mütləq iflasa uğraycaq.

Əslində Makronun bəyanatı ətrafında cərəyan edən hadisələrdən ən böyük nəticəni məhz Ukrayna hakimiyyəti və cəmiyyəti çıxarmalıdır. Bu qalmaqal bur daha sübut edir ki, Ukraynanı Rusiya ilə müharibəyə sürükləyənlərin hamısı öz hərbçilərinin ruslarla döyüş meydanlarında toqquşmasından hər vəchlə qaçdığı halda, ukraynalıların canlı hədəfə çevrilməsinə istənilən dəstəyi verməyə hazırdırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Makron   rədd  





Xəbər lenti