Nazirlik 2018-ci il üçün planlarını açıqladı

Nazirlik 2018-ci il üçün planlarını açıqladı
  04 Yanvar 2018    Oxunub:3062
Yaxın gələcəkdə keyfiyyətli taxıl məhsullarına olan tələbatın daxili istehsal hesabına ödənilmə səviyyəsinin maksimum dərəcədə yaxşılaşdırılması proqnozlaşdırılır.
Kənd Təsərrüfatı Nazirliyindən AzVision.az-a verilən məlumata görə, mülkiyyətçilər tərəfindən 2016-cı ilin payızında 2017-ci ilin məhsulu üçün taxıl bitkilərinin əkinində əsasən respublikanın bölgələrinin torpaq-iqlim şəraitinə uyğun rayonlaşdırılmış, məhsuldar yerli sortların toxumlarından istifadə edilib ki, həmin sortların da məhsulu yüksək çörəkbişirmə keyfiyyətlərinə malikdirlər.

“Məhsulun vaxtında və itkisiz yığılması üçün “Aqrolizinq” ASC-nin rayon aqroservis filiallarının istifadəsində olan taxılyığan kombaynların və digər texnikaların optimal dislokasiyası və taxılın yetişmə vaxtına uyğun olaraq rayonlararası hərəkətinin təşkili üçün tədbirlər müəyyənləşdirilib. Biçinlə bağlı ortaya çıxan problemlərin dərhal aradan qaldırılması məqsədi ilə hər bir taxılçılıq rayonunda nazirliyin nümayəndələrindən ibarət operativ qərargah yaradılıb. Cari ilin məhsulu üçün payızlıq taxıl səpininin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı payızlıq taxıl əkilməsi nəzərdə tutulan, eləcə də herik üçün dincə qoyulmuş sahələrdə şumlama və səpinin optimal müddətdə başa çatdırılması üçün yerli icra hakimiyyəti orqanları ilə birlikdə səlahiyyətləri daxilində tədbirlər görülməsi, məhsul istehsalçılarına köməklik göstərilməsi və səpinin gedişi barədə gündəlik olaraq nazirliyə məlumat verilməsi barədə rayon (şəhər) kənd təsərrüfatı idarələrinə müvafiq göstəriş verilib. İdarələrdən daxil olan məlumatlar nazirlikdə ümumiləşdirilərək müvafiq təhlillər aparılıb, səpin işlərində gecikmə halları müşahidə olunduqda onların aradan qaldırılması istiqamətində tədbirlər görülüb”, - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, hava şəraitinin sentyabrın sonlarından başlayaraq qeyri-sabit keçməsinə baxmayaraq cari ilin payızlıq səpinləri üçün torpaqbecərmə və səpin işləri ötən ilin müvafiq dövrü ilə müqayisədə daha mütəşəkkil qaydada həyata keçirilir: “Rəsmi statistik məlumata əsasən (1 dekabr 2017-ci il tarixə) 2018-ci ilin məhsulu üçün təmiz herik şumu da daxil olmaqla payızlıq əkinlər üçün 1034,5 min hektar sahə şumlanıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,1% çoxdur. 879,0 min hektarda dən və yaşıl yem üçün (ötən ilin eyni dövrü ilə müqayisədə 7,5% çox), o cümlədən 864,6 min hektarda dən üçün payızlıq bitkilər (ötən ildən 7,9% çox) səpilib ki, onun da 584,1 min hektarını buğda (ötən ildən 11,5% çox) və 280,4 min hektarını arpa (ötən ildən 1,3% çox) təşkil edib. Səpin müddətində intensiv yağıntılar nəticəsində torpağın əkin qatında nəmlik kifayət qədər olub, bununla yanaşı suvarma şəraitində becərilən sahələr suvarılıb, suvarma suyuna olan tələbatda ciddi çətinliklər müşahidə edilməyib”.

Cari ilin məhsulu üçün proqnozlaşdırılan 950 min hektar sahədə taxıl əkilməsi üçün orta hesabla 129 min ton buğda və 65 min ton arpa toxumu tələb olunur. Azərbaycanda payızlıq yumşaq buğdanın “Azəri”, “Əkinçi-84”, “Zirvə-85”, “Ruzi-84”, “Aran”, “Tale-38”, “Qırmızı Gül-1”, “Murov-2”, “Şəfəq-2”, “Qızıl buğda”, “Fatimə”, “Qobustan”, “Ağalı” və s., payızlıq bərk buğdanın “Qarabağ”, “Bərəkətli-95”, payızlıq arpanın isə “Qarabağ 22”, “Qarabağ 33”, “Baharlı”, “Cəlilabad 19” və s. sortları becərilir.

Bundan başqa fındıqçılığın inkişaf etdirilməsi üçün əlverişli torpaq-iqlim şəraitinə malik Zaqatala, Qax, Qəbələ, Balakən, Xaçmaz, Qusar, Oğuz, Şəki, Şabran, Quba, İsmayıllı və Yevlax rayonlarında mərhələli şəkildə 40 min hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulub. Bu məqsədlə bölgələrdəki mövcud fındıq bağlarından tədarük ediləcək ting ehtiyatlarının həcmi müəyyənləşdirilib, yeni salınacaq bağlar üçün ərazilərin seçilməsi, ting ehtiyatlarının tədarükü, əkin işlərinin optimal müddətdə və keyfiyyətlə yerinə yetirilməsi üçün zəruri tədbirlərin təşkilinə köməklik göstərilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu rayonlarda xüsusi işçi qrup yaradılıb.

Qeyd olunub ki, həyata keçirilmiş tədbirlər nəticəsində ölkə üzrə ötən il 18,2 min hektara yaxın sahədə yeni fındıq bağları salınıb, fındıq bağlarının ümumi sahəsi 55,1 min hektara çatdırılıb: “Hazırda bölgələrdə 10 min hektara yaxın sahədə yeni bağların salınması üçün işlər davam etdirilir. Yeni fındıq bağlarının salınması üçün Balakən rayonu üzrə 500 min ədəd, Qax rayonunda 240 min ədəd, Qəbələ rayonunda 540 min ədəd, Şəki rayonunda 240 min ədəd, Şabran rayonunda 130 min ədəd ting və pöhrələr hazırlanıb, yeni salınacaq bağlar üçün müvafiq ərazilər müəyyən edilib”, - deyə məlumatda bildirilir.

AzVision.az


Teqlər: Nazirlik  





Xəbər lenti