Fransa Suriyaya müdaxiləni müzakirə edib

Fransa Suriyaya müdaxiləni müzakirə edib
  05 Sentyabr 2013    Oxunub:1036
Yekun qərar prezidentə məxsus olduğu üçün parlamentdə səsvermə keçirilməyib
Suriyaya hərbi müdaxilə məsələsi ötən gün Fransa parlamentində də müzakirəyə çıxarılıb. Debat zamanı müxalifət partiyalarından olan millət vəkilləri hökumətin Suriyaya punktual zərbələr endirməsi planlarına qarşı çıxıblar. Lakin Fransa qanunvericiliyinə əsasən kritik məsələlərlə bağlı yekun qərar prezidentə məxsus olduğu üçün parlamentdə səsvermə keçirilməyib. Ölkənin baş naziri Jan Mark Ero çıxışı zamanı rejimə qarşı müdaxilənin vacib olduğunu bildirərək qanunvericilərin dəstəyini qazanmağa çalışsa da, müxalif tərəf fikrindən daşınmayıb.

"Suriyaya qarşı atılacaq addımlar kollektiv şəkildə həyata keçiriləcək. Prezidentin də qeyd etdiyi kimi zərbələr punktual olmalıdır. Biz xüsusi hədəfləri nişan alacağıq. Suriyaya hərbi qoşun yeritmək məsələsinə gəlincə isə belə bir strategiya qətiyyən planlaşdırılmır. Biz sadəcə Bəşər Əsədin hakimiyyətdən getməsini istəyirik. Bu işdə avropalı tərəfdaşlarımızdan və ərəb liqasından da dəstək gözləyirik" - deyə Ero sözlərini ifadə edib.

Müxalifət lideri Kristian Jakob isə öz növbəsində etiraz etmək üçün 3 səbəb göstərib.
"Hədə-qorxu və cəza məqsədindən başqa heç bir məqsəd olmadan sərt hərbi əməliyyatlar keçirmək, beynəlxalq qanunvericiliyə əsaslanamadan tək başına müdaxilə etmək və, nəhayət, xarici siyasətimizə məhəl qoymadan addımlar atmaq qəbuledilməzdir".

Qeyd edək ki, debat etirazsız da ötüşməyib. Bir qrup fəal parlamentin binası qarşısında toplaşaraq Suriyaya müdaxiləyə qarşı şüarlar səsləndiriblər. Aksiyada "Fabiüs İsrailin agentidir", "Müharibəyə son qoyun" şüarları yazılmış plakatlar nümayiş olunub.


Teqlər:





Xəbər lenti