`AB Ermənistanla tərəfdaşlığa son qoydu`

`AB Ermənistanla tərəfdaşlığa son qoydu`
  04 Sentyabr 2013    Oxunub:1241
Ermənistan Avropa Birliyi ilə danışıqları pozub .
Ermənistan Gömrük İttifaqına üzvlüyü seçməklə Avropa Birliyi ilə azad ticarət haqqında razılaşma bağlamaq şanslarını bloklayıb.
“Novosti Armeniya” saytının verdiyi xəbərə görə, bunu Avropa Birliyində sədrlik edən Litvanın XİN rəhbəri Linas Linkebiçus bəyan edib.

Onun sözlərinə görə, Avropa Birliyi Ermənistan prezidenti Serj Sarkisyanın bəyan etdiyi seçiminə hörmətlə yanaşır, lakin qeyd olunan iki sistem bir –birinə ziddir.

“Biz istənilən dövlətin seçiminə hörmətlə yanaşırıq, lakin onlar müxtəlif tələblərə görə hər iki quruma eyni vaxtda daxil ola bilməzlər”, deyə Linas Linkebiçus qeyd edib.

Qeyd edək ki, sentyabrın 3-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş olub. Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin Gömrük İttifaqına daxil olmağı qərara aldığını bəyan edib və bu məqsədlə əməli addımlar atmağa, gələcəkdə isə Avrasiya İqtisadi Birliyinin formalaşmasında iştirak etməyə hazır olduğunu bildirib. Rusiya prezidenti bu qərarı dəstəkləyib.

Bu arada İsveç XİN rəhbəri Karl Bildt Ermənistan Avropa Birliyi ilə danışıqları pozduğunu bildirib:

“Görünür, Ermənistan Avropa Birliyi ilə azad ticarət haqqında müqaviləyə dair danışıqları pozur və əvəzində, 180 dərəcə dönüş edərək, Rusiyaya inteqrasiya edir”.

Karl Bildt qeyd edib ki, cari ilin noyabrında Vilnüsdə Avropa Birliyi rəhbərliyinin və AB-nın “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərin liderlərinin sammiti keçiriləcək. Sammitdə Ermənistan da daxil olmaqla, bir neçə dövlətlə assosiasiya sazişinin və “Azad ticarət məkanında dərin və hərtərəfli zonaların tətbiqi”nə dair ilkin razılaşmanın bağlanılması nəzərdə tutulub.

Xatırladaq ki, Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq Tərəfdaşlığı” təşəbbüsü 2008-ci ildə Brüsseldə keçirilmiş AB sammitində təsdiqlənib və 2009-cu ildə Praqada rəsmi təsis olunub.

Proqramın məqsədi Avropa Birliyinin Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova və Ermənistanla yaxınlaşmasıdır (AB-nin tərkibinə qəbul olunmadan).

Qeyd edək ki, yaxın vaxtlarda Avropa Birliyi ölkələrinin Ermənistanla bağlı bəyanat qəbul etməyi planlaşdırıblar.Bəyanatda Ermənistanın bir tərəfdaş kimi etibarsızlığı və yararsızlığı vurğulanacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti