Obama Suriyanı vurmağı təxirə saldı

Obama Suriyanı vurmağı təxirə saldı
  02 Sentyabr 2013    Oxunub:1371
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Suriyaya qarşı hərbi əməliyyatları ən azı sentyabrın 9-na qədər təxirə salıb.

Konqressi məhdud hərbi əməliyyatları dəstəkləməyə razı salmaq üçün Obamanın 1 həftə vaxtı var. İstənilən halda "Ağ ev" rəhbəri diktator hesab etdiyi Bəşər Əsədi xalqa qarşı kimyəvi silah tətbiq etdiyinə görə cəzalandırmaqda israrlıdır. Bu arada Qahirədə təcili bir araya gələn Ərəb Ölkələri Liqası BMT Təhlükəsizlik Şurasını Suriya rejiminin kimyəvi silah tətbiq etməsi faktına məsuliyyətlə yanaşmağa və təşkilatın nizamnaməsinə uyğun olaraq ehtiyatlı tədbirlər görməyə çağırıb.

Lakin quruma üzv dövlətlərin nazirləri hərbi müdaxilə məsələsində vahid razılığa gələ bilməyib. Misir təklifin qəti əleyhinə çıxıb. Əlcəzair, Livan və İraq isə bitərəf mövqe nümayiş etdirib. Lakin Birləşmiş Ştatlar və Qərb müttəfiqləri Suriyaya qarşı strategiya hazırladığı bir vaxtda Bəşər Əsəd və onun tərəfdarları mümkün hərbi əməliyyatlara qarşı hazırlığını görüb.

Dəməşqdə İranın Müdafiə və Təhlükəsizlik məsələləri üzrə parlament komissiyasının sədri Ələddin Borucerdini qəbul edən Suriya prezidenti bildirib ki, ölkəsi daxili qüvvələrə qarşı olduğu kimi xarici təcavüzkarlara qarşı da müdafiə olunmağa qadirdir. O, Obamanın hərbi əməliyyatla bağlı qərarını təxirə salmasını Birləşmiş Ştatların geri addım atması kimi qiymətləndirib.

İranlı qonaq isə bildirib ki, "Suriyaya qarşı istənilən hərbi təcavüz bütün Yaxın Şərq regionuna yayılacaq. Və ilk növbədə İsrailin İsrailin təhlükəsizliyi təhdid altına düşəcək" - sitatın sonu.

Suriyadakı ictimai təşkilatlar da Qərbin hərbi müdaxilə planlarına qarşıdır. Dəməşqdə etiraz aksiyası keçirən qurumun nümayəndələri bəyan edib ki, onlar əsas dövlət obyektlərini hava zərbələrindən öz canlarıyla qoruyacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti