Rusiya ilə ticarət dövriyyəsi 10 faiz artıb

Rusiya ilə ticarət dövriyyəsi 10 faiz artıb
  06 Aprel 2017    Oxunub:1157
Sankt-Peterburqda Azərbaycan və Rusiyanın Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq Komissiyasının ilk iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan və Rusiyanın Sankt-Peterburq Hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq Komissiyasının həmsədri, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Rusiya ilə əməkdaşlığın qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslandığını və strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.

Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradılıb, 50-dən çoxu iqtisadi sahəyə aid olmaqla 170-dən artıq sənəd imzalanıb. İndiyə qədər Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard dollar, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırılıb. Azərbaycanda Rusiya sərmayəli 700-dək müəssisə fəaliyyət göstərir. 2016-cı ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 10,5 faiz artmaqla 2 milyard dollar təşkil edib. Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir və Azərbaycanın xaricdə ilk ticarət nümayəndəsi də məhz Rusiya Federasiyasına təyin olunub. Bildirilib ki, Rusiyanın federal subyektləri ilə birbaşa əlaqələrin qurulmasında və əməkdaşlığın inkişafında Azərbaycan-Rusiya regionlararası forumlarının mühüm rolu var. Hazırda bu ilin sonunda Stavropolda 8-ci regionlararası forumun keçirilməsi təklifi nəzərdən keçirilir. S.Məmmədov Azərbaycan dövlət başçısının uğurlu siyasətinin davamı olan iqtisadi islahatlar barədə ətraflı məlumat verib və aparılan islahatların iqtisadiyyatın inkişafında mühüm rolunu vurğulayıb.

Sankt-Peterburqun Sahibkarlıq və İstehlak Bazarının İnkişafı üzrə Komitəsinin sədri, Azərbaycan Respublikası və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq Komissiyasının həmsədri Elgiz Qaçayev Rusiyanın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, iki ölkə arasında əlaqələrin inkişaf etməsi fonunda Azərbaycan-Sankt-Peterburq əlaqələrinin genişləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının əhəmiyyətini vurğulayıb.

İclasda komissiyanın üzvləri müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib.

Sonda İqtisadi və Humanitar Əməkdaşlıq Komissiyasının ilk iclasının protokolu imzalanıb. Sənəddə tərəflərin təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin genişləndirilməsi, Azərbaycan sahibkarlarının Sankt-Peterburq ərazisində keçirilən yarmarkalarda iştirakı, qarşılıqlı maraq kəsb edən sahələrdə birgə müəssisələrin yaradılması və s. sahələrdə əməkdaşlıq və birgə tədbirlər nəzərdə tutulur.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko və vitse-qubernator Sergey Movçanla görüşlərində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

AzVision.az


Teqlər: Azərbaycan   Rusiya  





Xəbər lenti