Əhali ən çox nədən şikayət edir? - Rüfət Aslanlı açıqladı

Əhali ən çox nədən şikayət edir? - Rüfət Aslanlı açıqladı
  23 İyun 2016    Oxunub:2414
“Bizə bank, sığorta və kapital bazarları ilə bağlı tez-tez şikayətlər daxil olur. Əhalini ən çox narahat edən məsələlər sığorta sektoru ilə bağlıdır”.
Bunu Bakıda keçirilən Beynəlxalq Sığorta Forumunda Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bildirib.

R. Aslanlı qeyd edib ki, dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycanın sığorta bazarına da mənfi təsir edib:

"Sığorta xidmətlərinə tələbat azalıb, sığorta şirkətlərinin gəlirləri və ehtiyatlarında azalma müşahidə edilib. Maliyyə Bazarlarına Nəzarət Palatası cəmi 3 ay fəaliyyət göstərir. Palatanın məqsədi sığorta sənayesinin yeni situasiyaya çox qısa müddətdə uyğunlaşması və dayanıqlığının artırılmasıdır. Biz sığorta şirkətlərinin yeni iqtisadi reallıqlara uyğunlaşdırılması istiqamətində çalışırıq. Risklərin transferi, sığorta və təkrarsığorta arasında münasibətlərin tənzimlənməsi və daha effektiv model üzərində çalışırıq. Bundan başqa, istehlakçıların hüquqlarının müdafiəsi və sığorta ilə bağlı maraqların tarazlaşdırılması çox mühüm fəaliyyət istiqamətlərimizdəndir. Bununla yanaşı, sığorta xidmətlərinin çeşidinin artırılması, icbari və könüllü sığortanın əhatə dairəsinin genişlənməsi ilə bağlı müzakirələr aparırıq və bu istiqamətdə fəaliyyət göstəririk".

R. Aslanlı həmçinin əlavə edib ki, enerji daşıyıcılarının qiymətinin əhəmiyyətli dərəcədə düşməsi Azərbaycan iqtisadiyyatına təsir edib: “Lakin bu gün həyata keçirilən islahatlar əvvəlki dövrdə əldə olunan rifahın təmin olunmasına yönəlib. Bütövlükdə isə iqtisadi islahatlar və dəyişikliklər 4 istiqaməti əhatə edir. Birincisi, dayanıqlı makroiqtisadi mühitin yaradılmasına üzərində çalışırıq. Həm Mərkəzi Bank, Maliyyə Nazirliyi, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqamətdə tandem formalaşdırıblar. Bu gün həm manatın məzənnəsi, həm inflyasiya və ümumilikdə makroiqtisadi göstəricilər iqtisadi vasitələrlə idarəolunan çərçivədədir.

İkincisi biznesin tranzaksiya xərclərinin azaldılması ilə məqbul səviyyəyə çatdırılacaq işgüzar mühitin formalaşdırılması.

Üçüncü istiqamət isə sərmayə və maliyyə xidmətlərinə genişi çıxışın təmin edilməsidir. Çünki stabil makroiqtisadi vəziyyət sərmayə və maliyyəyə çıxış olmadan işgüzar aktivliyi və rifahı təmin edə bilmir. Sonuncu istiqamət çevik və effektiv hüquqi islahatın formalaşdırılmasıdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti