Misirdə qarşıdurmalar səngimir

Misirdə qarşıdurmalar səngimir
  23 İyul 2013    Oxunub:1210
Məhəmməd Mursinin tərəfdarları ilə əleyhdarları arasındakı qarşıdurmalarda 50-dən çox insan yaralanıb
Misirdə iğtişaşlar paytaxt Qahirədən 120 km araladıkı Süveyş şəhərində baş verib. Qarşıdurmalar şəhərin mərkəzi küçələrindən birində Mursi tərəfdarlarının gənc fəallardan ibarət qrupa hücumundan sonra başlayıb. Daha sonra yerli sakinlər də fəalların köməyinə gəlib.

Toqquşmalar zamanı hər iki tərəf içərisi yandırıcı maddələrlə dolu şüşə qablar, daş və odlu silahlardan istifadə edib. Yaralıların olduğu bildirilir. Qahirədə qadınlar da ayağa qalxıb. Ötən gün minlərlə misirli qadın Müdafiə nazirliyi binasına yürüş edərək, keçmiş prezident Məhəmməd Mursinin devrilməsinə qarşı etiraz edib.

Etirazçılar Müdafiə Nazirliyinə çatınca, hərbçilər güclü mühafizə olunan binanın qarşısında canlı sədd qurublar. Qadınlar Mursinin hakimiyyətə qaytarılmasını tələb ediblər. Onlar eyni zamanda Mənsurə şəhərində keçirilən aksiyayada naməlum şəxslərin 3 qadın fəalı öldürməsinə də etiraz ediblər. Sina yarımadasında da gərgin vəziyyət hökm sürür.

Ötən gün silahlılar El Ariş şəhərində ordu bölmələrinə, hərbi düşərgələrə və polis məntəqələrinə 12 hücum təşkil ediblər. Hərbçilər və polislər arasında itkilərin olduğu bildirilir. Bu arada Misir və digər ərəb ölkələri mətbuatında Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin aclıq aksiyasına başlaması ilə bağlı məlumatlar yayılıb.

Misirin Azadlıq və Ədalət Partiyasının mətbuat katibi Cihad əl-Haddad Mursiylə görüşməyə icazə verilmədiyi üçün onun harada saxlandığı, o cümlədən sağlamlıq vəziyyəti haqqında heç bir məlumat ala bilmədiklərini deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti