Kimdən qızıl medal gözləyirik? - Proqnozlar

Kimdən qızıl medal gözləyirik? - Proqnozlar
  10 İyun 2015    Oxunub:3327
“Avropa Oyunları bizim üçün mühüm əhəmiyyətə malikdir. Hazırda yüksək səviyyədə hazırlıqlar davam edir. İdmançılarımız qələbə əzmindədirlər. Bütün idman növlərində necə qələbə gözlənilirsə, biz də taekvondodan elə qələbə gözləyirik”.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev deyib.

Onun sözlərinə görə, I Avropa Oyunlarında rəhbərlik etdiyi federasiyadan 4 oğlan idmançı iştirak edəcək.

“Onların hər birinin medal qazanması gözlənilir. Qız idmançılarımızın da medal qazanacağına ümid edirik.

Qeyd edim ki, Radik İsayev bu yaxınlarda dünya çempionu olduğu üçün onun I Avropa Oyunlarında qızıl medal qazanması mümkündür. Bunu səbrsizliklə gözləyirik. Digər idmançılarımız da çox güclüdürlər. Düşünürəm ki, digər çəki dərəcəsində yarışacaq taekvondoçularımız öz sözlərini deyəcəklər”.

Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev də idmançılarımızdan yüksək nəticə gözlədiyini deyib.

“İlk öncə dövlət başçısına minnətdarlığımı bildirirəm ki, bu sevinci bizə və Azərbaycan xalqına bəxş edib. İdman ictimaiyyəti çox sevinir: Bu, ölkəmiz üçün mühüm bir hadisədir.

Qeyd etmək istərdim ki, karate yığması uzun müddətdir ki, təlim-məşq toplanışındadır. Yarışlara ciddi olaraq hazırlaşırıq. Ümumiyyətlə, komandada əhval-ruhiyyə çox yüksəkdir. Səmimi deyirəm ki, 5 nəfər oğlanlardan ibarət olan komandadın hər bir üzvünün qızıl medal qazanmaq şansı var.

Xüsusilə də Rafael Ağayevi, Niyazi Əliyevi, Ayxan Mamayevi qeyd etmək istəyirəm. Şahin və Firdovsi üçün də çox gözəl fürsət var ki, burada medal əldə etsinlər. Qız idmançılarımızın da uğur qazanacaqlarına şübhə yoxdur. Amma təcrübələri o qədər də çox deyil. O baxımdan medal qazanmaları bir qədər sual altındadır. Amma idmanda hər şey ola bilər. Hesab edirəm ki, komandamız yarışlarda layiqincə təmsil olunacaq və medallar qazanacağıq”.

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Avropa Boks Konfederasiyasının və Beynəlxalq Həvəskar Boks Assosiasiyasının İcraiyyə komitələrinin üzvü Süleyman Mikayılov idmanlardan yüksək nəticələr gözlədiyini söyləyib.

“Proqnoz verməyə gəldikdə, demək istərdim ki, birinci Avropa Oyunlarında idmançılarımızın ən azı 12 qızıl medal qazanaraq Azərbaycanın himnini səsləndirəcəklərinə və bayrağımızı dalğalandıracaqlarına inanıram.

Dövlət başçısının rəhbərliyi ilə ölkəmizin, xüsusən idmanın inkişafı bunu əminliklə söyləməyə imkan verir. Azərbaycan boks, cüdo, karate, güləş və digər növlər üzrə dünyada ön sıralardadır. Azərbaycan idmançıları ümumi komanda hesabında ilk beşliyə düşmək iqtidarındadır. Hədəfimiz birinci Avropa Oyunlarında, dünya birinciliyində və “Rio-2016”da mükafatçılar sırasında yer almaqdır. Azərbaycanda qadın boksu son bir neçə ildir yaranmağa başlayıb. Lakin buna baxmayaraq, yaxşı mütəxəssislərimiz və idmançılarımız var. Komandada yerli idmançılarla yanaşı, legioner boksçular da çıxış edirlər”.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev isə bildirib ki, Avropa Oyunları zamanı bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycana, paytaxtımız Bakıya yönələcək: “Güləşçilərimiz bu yarışlara ciddi səylə hazırlaşırlar. Avropa Oyunlarında qitənin ən güclü idmançıları mübarizə aparacaq. Amma Azərbaycan güləşi elə bir səviyyəyə çatıb ki, nəinki Avropada, bütün dünyada favoritlər arasında göstərilirik. Yəni məqsədimiz həmişə olduğu kimi, yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Ümid edirəm ki, Azərbaycan azarkeşlərini sevindirəcəyik. Heyətdə Olimpiya çempionlarımızdan Toğrul Əsgərov yer alacaq. Avropa Oyunlarında güləşin hər növündən ən azı 2-3 qızıl medal gözləyirik”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti