Rusiya "Google"u astronomik məbləğdə cərimələyib

   Rusiya "Google"u astronomik məbləğdə cərimələyib
  01 Noyabr 2024    Oxunub:1120
Rusiya dünyanın ən böyük texnologiya şirkətlərindən biri "Google"dan ağlasığmaz məbləğdə pul - 20,000,000,000,000,000,000,000,000,000,000,000 (20 desilyon) tələb edir.
Bu cəriməyə səbəb şirkətin "YouTube"da rusiyayönümlü kanalların bloklanmasına görə yığılan cərimələri ödəməkdən imtinası göstərilir.

Bütün dünya üzrə iqtisadiyyatın həcmini qat-qat aşan cərimə məbləği "Google"un ana şirkəti "Alphabet"in bazar dəyərini (2 trilyon dollar) ağlasığmaz dərəcədə üstələyir. Digər tərəfdən, Beynəlxalq Valyuta Fondunun hesabatına görə, bütün ölkələr üzrə ümumi daxili məhsulu (ÜDM) isə cəmi 110 trilyon dollar ətrafındadır.

Rusiyanın dövlət xəbər agentliyi TASS ötən günlərdə məlumat yaymışdı ki, şirkəti əksəriyyəti 2022-ci ildən bloklanan "YouTube" kanallarını bərpasına çağıran məhkəmə əks halda cərimələrin hər həftə ikiqat artacağını diqqətə çatdırmışdı.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bu məbləğin "simvolik mahiyyət daşıdığını" vurğulayıb.

"Google" öz platformasında yayımçılarımızın fəaliyyətini məhdudlaşdırmaqdan əl çəkməlidir", - o deyib.

Məsələ üzrə "Google"un reaksiyasını öyrənən "CNN" yazır ki, şirkət yalnız "Rusiyadakı biznesi ilə bağlı müəyyən hüquqi problemlərin" baş verdiyini bildirib.

"Barəsində sanksiya irəli sürülmüş tərəflərə aid hesabların ləğvi haqqında mübahisələrə görə bizə qarşı cərimə mahiyyətli mülki qərarlar çıxarılıb. Bu problemin gəlirlərimizə ciddi mənfi təsir göstərəcəyinə inanmırıq", - şirkət diqqətə çatdırıb.

Xatırladaq ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynada genişmiqyaslı əməliyyata başlamasının ardınca "Google" bu ölkədəki xidmətlərini məhdudlaşdırdı, ancaq bir sıra digər ABŞ texnoloji şirkətindən fərqli olaraq, tamamilə dayandırmadı. Şirkətin axtarış və "YouTube" kimi xidmətləri ölkədə əlçatandır. Hərçənd Rusiya hökuməti onun bank hesablarına nəzarəti ələ keçirdiyi üçün rəsmi şəkildə iflasını açıqlayıb və kommersiya əməliyyatlarının əksəriyyətinə xitam verib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Google   cərimə  





Xəbər lenti