Baydenin müşavirləri İsrailə gedirlər

   Baydenin müşavirləri İsrailə gedirlər
  30 Oktyabr 2024    Oxunub:666
ABŞ Prezidenti Co Baydenin enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi, xüsusi müşavir Emos Hokşteynin və Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Bret Makqerkin sabah İsrailə səfəri gözlənilir.
Bu barədə İsrailin adı açıqlanmayan hökumət sözçüsü "Times of Israel"ə məlumat verib.

Onların İsrailin Baş naziri Benyamin Netanyahu və digər ali hökumət nümayəndələri ilə görüşü nəzərdə tutulur. Tərəflər İsrail və Livanın "Hizbullah" terror təşkilatı arasında atəşkəs razılaşması üzrə danışıqlar aparacaqlar.

Digər tərəfdən, "Walla" xəbər agentliyi yazır ki, Baydenin müşavirləri Netanyahuya Vaşinqtonun atəşkəs planını irəli sürəcəklər. Həmin planda atəşkəsin bir neçə həftəyə razılaşdırılmasının mümkünlüyü diqqətə çatdırılır.

Emos Hokşteyn İsrailə yollanmazdan qabaq Livana da getmiş, bu ölkənin də hökumət nümayəndələri ilə sözügedən məsələ ətrafında müzakirələr aparmışdı.
"Hizbullah"ın yeni lideri seçilib

Xatırladaq ki, "Hizbullah"ın 1994-cü ildən bəri lideri Həsən Nəsrullah sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyruta endirdiyi aviazərbə nəticəsində ölüb. Bu sui-qəsd ötən ilin oktyabrından bəri Qəzza zolağındakı müharibəyə paralel şəkildə başlamış İsrail-"Hizbullah" toqquşmalarını yeni mərhələyə keçirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   Hizbullah   münaqişə  





Xəbər lenti