"Daşnaksütyun" da fəallaşdı - Radikal gənclər sərhədimizə toplanır - FOTO

  "Daşnaksütyun" da fəallaşdı  - Radikal gənclər sərhədimizə toplanır  - FOTO
  30 Aprel 2024    Oxunub:1071
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Qazaxın kəndlərinin Azərbaycana qaytarılmasından sonra sərhədyanı ərazilərlə yanaşı, İrəvanda da etirazlar keçirilir.
Bu gün isə ermənilərin radikal "Daşnaksütyün" təşkilatı Azərbaycana qarşı revanşist çağırışlar edib. "Daşnaksütyünün" etirazların əsas mərkəzi sayılan Kiranç bölgəsindən olan dan Gənclər Birliyi nəinki Qazaxın tarixi kəndlərinin geri qaytarılmasına, ümumilikdə sərhədlərin dəqiqləşdirilməsinə qarşı çıxan bəyanat yayıb.

Daşnaklardan Azərbaycana qarşı növbəti təxribat - VİDEO
Radikal gənclər bəyanatlarında xatırladıblar ki, "Daşnaksütyünün" məlum Gənclər Birliyi Birinci Qarabağ müharibəsi zamanı ərsəyə gəlib və onlar indi "milli gənclərin yetişdirilməsinin vacibliyini daha çox dərk edirlər".

Təşkilat Aprel döyüşləri və 44 günlük müharibədə fəal iştirak etməsini də xatırladıb: "Bu gün isə biz sərhədlərin demarkasiyasını qəbuledilməz hesab edirik. Çünki daimi olaraq ərazilər qarşı tərəfə təslim edilir. İndiki çətin durumumuzda, ölkənin ağır vəziyyətində bu torpaqların Azərbaycana verilməsi ölkəmizin təhlükəsizlik sistemini tamamilə məhv edəcək.

Bizim üçün otuz il erməni əsgərinin qanı ilə yaradılmış əvvəlki "sərhədin" daxilində olan ərazilərin Ermənistan olması mübahisə mövzusu sayılmamalıdır. Ermənistan Respublikasının sərhədi erməni əsgərinin dayandığı yerdə başlayır və bitir".
Daşnak gənclərin sərsəm bəyannatlarında həmçinin İrəvana mesaj ünvanlanaraq qeyd edilib ki, “Delimitasiya və demarkasiya adı altında baş verənlər birtərəfli güzəştlərlə dövlətçiliyimizə vurulan zərbədən, eyni zamanda vətənə xəyanətdən başqa bir şey deyil".

"Əziz gənclər, ya bu gün torpaqların müdafiəsinə qalxacağıq, ya da bu hakimiyyət nəhayət ki, Vətənimizdə yaşamaq, gələcəyi qurmaq üçün olan bütün imkanları məhv edəcək. Biz hər kəsi Tavuşda formalaşan xalq müqaviməti ətrafında birləşməyə çağırırıq. Bu, təkcə Tavuş məsələsi deyil, Ermənistan və erməni xalqının problemidir. Bütün qüvvələri birləşdirmək, mübarizəni ümumerməni və milli məsələ etmək lazımdır. Biz birləşməklə bu dağıdıcı prosesi dayandıra, düşmənin və onun əlaltılarının planlarını poza, yenidən ləyaqətli millət və dövlət ola bilərik”, - daşnaklar xalqı açıq şəkildə müharibəyə çağırıblar. Hələ də revanşist xəyallar quran erməni gənclər görünür dəmir yumruq üçün darıxıblar.

Qeyd edək ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Daşnak   Sərhəd   Revanşist  





Xəbər lenti