Macarıstanda siyasi böhran: Növbəti hədəf kimdir?

      Macarıstanda siyasi böhran:    Növbəti hədəf kimdir?
  14 Fevral 2024    Oxunub:1152
Uşaqlara qarşı cinsi zorakılıq işində cinayət şəriki kimi damğalanmış keçmiş uşaq evi direktorunun müavinini "bağışladığı" üzə çıxan xanım prezident Katalin Novakın təzyiqlər nəticəsində istefasının ardınca Macarıstanda bir neçə məmur da hədəfə çevrilib.
AzVision.az xəbər verir ki, dövlət başçısının adının hallandığı skandalla əlaqədar ölkədə vəziyyət gərgindir.

Xalqın və müxalif partiyaların təzyiqi təkcə xanım Novakın yox, sözügedən cinayətkarın əfv sərəncamını imzalamış sabiq ədliyyə naziri Varqa Yuditin də parlamentindəki vəzifəsindən istefası, hətta siyasətdən uzaqlaşması ilə nəticələnib.

İstefa dalğası Baş nazir Viktor Orbanın rəhbərliyindəki hökumətdə ciddi siyasi böhran yaradıb. Üstəlik, müxalifətin skandalla bağlı səngiməz hesabat tələbi uşaqların, ənənəvi ailə dəyərlərinin müdafiəsini siyasi amallarından biri kimi dilə gətirən mühafizəkar hökumət əleyhinə cəmiyyətdə şübhələri artırır.

(Macarıstanın Baş naziri Viktor Orban, keçmiş prezident Katalin Novak və keçmiş ədliyyə naziri, deputat Varqa Yudit)

Adları pedofiliya qalmaqalı ilə hallanan xanım siyasətçilər həm Orban hökuməti daxilində, həm də xalq nəzərində əhəmiyyətli şəxslər sayılıb. Katalina Novak öz prezidentliyi dövründə seçdiyi mülayim siyasi xəttə görə rəğbətlə qarşılanır, özündə "millət anası" obrazı canlandırır, ailələri daha çox uşaq dünya gətirməyə həvəsləndirirdi. Varqa Yuditin isə Avropa Parlamentinə iyunda keçiriləcək seçkilərdə hakim Fides Partiyasının birinci namizədi olacağı gözlənilirdi.

Bu iki əhəmiyyətli fiqurun siyasi arenadan "alınlarında ləkə ilə" getməsi hökumətdəki başqa şəxsləri də tənqid nişangahına gətirib. Həmin şəxslər Baş nazir kabinetinin rəhbəri Antal Roqan və Orbanın xüsusi müşaviri, yepiskop Zoltan Baloqdur. Onlar sözügedən direktor müavininin "bağışlanması"nın pərdəarxasındakı əsas simalar kimi təqsirləndirirlər.

(Viktor Orban və Antal Roqan)


(Zoltan Baloq və Viktor Orban)

Varqa Yuditin keçmiş həyat yoldaşı, Fides Partiyasının üzvü, biznesmen Peter Madyar:

"Əsl cinayətkarların qadınların ətəkləri arxasında gizləndikləri sistemdə bir dəqiqə də qalmaq istəmirəm", - deyərək, məhz onların əməlinə eyham vurub.

(Varqa Yudit və keçmiş həyat yoldaşı Peter Madyar)

Madyar həmçinin Orbanın kürəkənini - qızı Rahelin əri İstvan Tiborçu da hədəfə alıb. O, biznesmen Tiborç haqqında:

"Hörmətli İstvan, sən həqiqətən istedadlı insansan. 37 yaşın var, ancaq 100 milyard forintin (469 milyard AZN) var. Bir çox otel, bank və fondun meneceri, keçmiş dövlətə məxsus qiymətli mülklərin sahibisən", - söyləməklə ona qarşı birbaşa korrupsiya ittihamı irəli sürüb.

2010-cu ildən bəri iqtidarı özündə saxlayan Viktor Orban və hökuməti, eləcə də yaxınları bu ağır ittihamlardan necə sıyrılacaq, demək çətindir. Hər halda, xalqın nəzərində rəhbərliyə qarşı kəskin nifrət formalaşmağa başladığı açıq-aydındır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Macarıstan   skandal   böhran   istefa   hökumət  





Xəbər lenti