Netanyahunun ABŞ-yə səfər tarixi müəyyənləşib

   Netanyahunun ABŞ-yə səfər tarixi müəyyənləşib
  29 Yanvar 2025    Oxunub:443
İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü fevralın 2-də ABŞ-yə səfərə yollanaraq, Ağ Evdə Prezident Donald Trampla görüşəcək.
Bu barədə onun ofisi məlumat yayıb. Bildirilir ki, tərəflər görüş əsnasında əsas etibarilə Qəzza zolağındakı cari vəziyyət və atəşkəs prosesinin gedişinə dair müzakirələr aparacaqlar.

Xatırladaq ki, İsrailin hökumət başçısının ABŞ-yə gözlənilən səfəri barədə, bir neçə gündür ki, yerli mətbuatda xəbərlər yayılırdı. Bu səfərin əvvəlcə 3-5 fevral aralığında reallaşacağı diqqətə çatdırılırdı. Ötən gün isə Donald Tramp Vaşinqtona səfərlə əlaqədar Netanyahuya şəxsən dəvət göndərib. Məlumata görə, onların görüşü 4 fevralda baş tutacaq. Beləliklə, Benyamin Netanyahu Ağ Evdə Trampın qəbuluna gələn ilk xarici lider olacaq.
Tramp: "Tezliklə Netanyahu ilə görüşəcəyik"

"İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona gələndə onunla Qəzzada "iki dövlətli həll" yolu və digər məsələlər ətrafında müzakirələr aparacağıq", - Tramp dünən "Endryus" Hərbi Bazasına yollanmaq üçün təyyarəyə minərkən jurnalistlərə açıqlamasında söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   ABŞ   Qəzza   görüş   danışıqlar  





Xəbər lenti