Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib

Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib
  28 Yanvar 2025    Oxunub:664
Azərbaycanda kağız əsaslı proseslərin rəqəmsal formatlara keçirilməsi ilə bağlı 17 qanunda dəyişikliklər edilməsini nəzərdə tutan qanun təsdiqlənib və bu gündən qüvvəyə minib.
AzVision.az "Report"a istinadən bildirir ki, qanunun qüvvəyə minməsi ilə 23 növ sənədin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təqdim edilməsi həmin sənədlərin fiziki formada təqdim edilməsinə bərabər tutulacaq.

Bu dəyişikliklər miqrasiya, əmək, məşğulluq, sığorta, təhsil, yol hərəkəti, əmlak və sahibkarlıq sahələrində sıx istifadə olunan əsas sənədlərə və lisenziyalara dair rəqəmsal məlumatların hüquqi qüvvəyə malik olmasını təmin edir. Bu sənədlər, əsasən, vətəndaşların həyat hadisələrinə uyğun şəkildə təşkil edilən rəqəmsal formatda təqdim ediləcək.

Yeniliklər çərçivəsində vətəndaşlar aidiyyəti məlumatları "myGov" tətbiqi vasitəsilə qarşı tərəfə təqdim edə biləcək və rəqəmsal hökumətə keçid sürətlənəcək. Eyni zamanda, sistem üzərindən təqdim olunan məlumatların doğruluğunu yoxlamaq üçün xüsusi mexanizmlər mövcuddur. Belə ki, qarşı tərəf vətəndaşın təqdim etdiyi rəqəmsal sənədlərin doğruluğunu "myGov Checker" platforması vasitəsilə təsdiqləyə bilər.

Bu dəyişikliklər ölkədə rəqəmsallaşma prosesinin sürətləndirilməsi, dövlət xidmətlərinə əlçatanlığın artırılması və kağız əsaslı proseslərin rəqəmsal formatlara keçirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Rəqəmsal sənəd formatında təqdim ediləcək sənədlərin siyahısı:

1. Müvəqqəti olma müddətinin uzadılması haqqında qərar;

2. Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi;

3. İş icazəsi;

4. Daimi yaşamaq üçün icazə vəsiqəsi;

5. Qaçqın vəsiqəsi;

6. İşçi ilə bağlı şəxsi məlumatlar, xasiyyətnamə və arxiv arayışları;

7. İşsiz və işaxtaran statusu ilə bağlı qərarlar və fərdi məşğulluq proqramları;

8. Peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığorta və annuitet müqavilələri;

9. Təhsil haqqında dövlət sənədi;

10. Təhsilin yarımçıq qalması ilə bağlı arayışlar;

11. Sürücülük vəsiqəsi;

12. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;

13. Texniki baxış barədə elektron talon;

14. Ünvanlı dövlət sosial yardımı ilə bağlı qərarlar;

15. Müavinətlərin təyin edilməsi və ya imtina barədə qərarlar;

16. Əmək pensiyaları ilə bağlı qərarlar;

17. Əlillik müəyyən olunması və ya imtina ilə bağlı qərarlar;

18. Sağlamlıq haqqında tibbi sənədlər;

19. Tibbi göndərişlər;

20. Könüllü və icbari sığorta şəhadətnamələri;

21. Hüquqi şəxslərin qeydiyyatı və digər sənədləri;

22. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;

23. Lisenziya və icazələr.


AzVision.az





Teqlər:





Xəbər lenti