Avropanın Ukraynada bir aylıq atəşkəs planı

   Avropanın Ukraynada bir aylıq atəşkəs planı
  03 Mart 2025    Oxunub:407
Ağ Evdə Donald Tramp və Vladimir Zelenski arasındakı danışıqlarda yaşanan qalmaqaldan iki gün sonra Londonda Ukrayna və Avropada təhlükəsizlik məsələlərinə dair fövqəladə sammit keçirilib.
AzVision.az xəbər verir ki, bir sıra razılaşmalar əldə edən Avropa ölkələrinin başçıları həmçinin Ukrayna böhranı ilə bağlı mövqelərini müəyyənləşdiriblər.

Ukrayna üçün pul kreditləri
Sammit iştirakçıları Rusiya ilə mübarizə üçün Ukraynanın maliyyələşdirilməsini davam etdirmək qərarına gəliblər. London Kiyevin əsas kreditoruna çevriləcək. Krallıq beş mindən çox hava hücumundan müdafiə (HHM) raketinin alınması üçün Ukrayna hakimiyyətinə 1,6 milyard funt sterlinq (təxminən 2 milyard dollar) verəcək.

Rəsmi London bu yardımı ölkənin “iqtisadiyyatına güclü təkan verəcək” ixracın maliyyələşdirilməsi adlandırılıb. Raketlər Şimali İrlandiyadakı müdafiə zavodunda istehsal olunacaq. İstehsalın genişləndirilməsi üçün zavodda əlavə 700 iş yeri açılacaq.

Sammitdən əvvəl Böyük Britaniyanın baş naziri Kir Starmer və Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın dondurulmuş aktivlərindən Kiyevə 2,26 milyard avro məbləğində müdafiə krediti verməyə razılaşıblar.

Digər ölkələr Kiyevə maliyyə yardımı barədə hələlik yalnız söz veriblər. Almaniyanın Xarici İşlər naziri Annalena Berbok Bundestaqdan Ukraynaya 3 milyard avro ayrılmasını tələb edib. Bu məsələdə onu Almaniyanın vitse-kansleri Robert Habek də dəstələyib.

Litva Ukrayna Silahlı Qüvvələri (USQ) üçün 20 milyon avro dəyərində silah alacağına zəmanət verib. Ölkənin Müdafiə nazirliyi habelə Ukraynanın müdafiə sənayesinə “sərmayə yatıracağını” bəyan edib.

“Münaqişəni dayandıracaq” plan
Avropa liderlərinin görüşünün əsas məqsədi Ukraynadakı münaqişənin həllinə gətirib çıxaracaq “sülh planı”nın hazırlanması olub. “BBC” telekanalının məlumatına görə, sammit iştirakçıları sülhə nail olmaq üçün dörd bəndlik konsepsiya hazırlayıblar.

1.Kiyevə hərbi yardım göstərmək və eyni zamanda Moskvaya iqtisadi təzyiqi artırmaq;
2.Ukraynanın suverenliyini və təhlükəsizliyini təmin etmək üçün onun sülh danışıqlarında iştirakına zəmanət;
3.Atəşkəs əldə edildikdən sonra Ukraynaya hər hansı potensial işğalın qarşısının alınması üçün çəkindirmə tədbirləri həyata keçirmək;
4.Ukraynanı müdafiə etmək üçün “istəklilər koalisiyası” yaratmaq.



Döyüşlərə son qoymaq üçün konkret plan üzərində hələ iş gedir. Avropa ölkələri sülh yolu ilə nizamlanma ssenarisini Vaşinqtonla müzakirə etmək niyyətindədir.

Avropalı liderlərin sammitdən sonra bəyanatları
Görüşü yekunkaşdıran Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, Krallıq Ukraynadakı münaqişənin həllinə nail olmaq istəyənlərin “koalisiyasına” rəhbərlik edəcək və ona “yerdə çəkmələr və havada təyyarələrlə” dəstək verəcək.

“Mən ABŞ prezidenti Donald Trampla Ukrayna böhranı barədə danışmışam və Ukrayna böhranının “müsbət nəticə verəcəyinə” əmin olduğum planı hazırlamağa başlamışam. ABŞ və Avropa sadiq müttəfiqlər olmaqda davam edirlər”, - “The Guardian” Starmerin bəyanatından sitat gətirir.

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen sammiti “yaxşı və səmimi müzakirə” adlandırıb. Xanım Lyayen Ukraynanı “potensial işğalçılar tərəfindən həzm olunmayacaq polad kirpiyə” çevirmək naminə Kiyevə onu “gücləndirmək və müdafiə etmək” üçün vəsait veriləcəyini açıqlayıb.

Ukrayna böhranının həlli üçün Aİ-də aydın planın və ümumavropa yanaşmasının hazırlanması ideyasını dəstəkləyən AK-nin sədri indi təhlükəsizlik xərclərini artırmağın və ən pis ssenariyə hazırlığın Avropa üçün son dərəcə vacib olduğunu vuğulayıb.


O, həmçinin Donald Trampa müraciət edərək bildirib ki, Avropanın Birləşmiş Ştatlarla birlikdə “demokratiyanı müdafiə etməyə və qanunun aliliyini qorumağa hazır olduğu barədə zəmanətə əsasən, qonşuya təcavüz etmək və sərhədləri zorla dəyişdirmək olmaz”.

Fransa prezidenti Emmanuel Makron sammitin məqsədinin “Ukraynaya dəstəyi gücləndirmək” olduğunu söyləyib. Daha sonra o, Avropa liderlərinin görüşündə təqdim olunan Britaniya-Fransa birgə planının təfərrüatlarını açıqlayıb. Təklif bir ay müddətinə atəşkəsin elan olunmasını və sülhməramlıların ölkəyə gətirilməsini nəzərdə tutur.

NATO-nun baş katibi Mark Rütte sammitdən sonra təsdiqləyib ki, Aİ ölkələri “ABŞ ilə ədalətli balansı” bərpa etmək üçün hərbi xərcləri artırmağa hazırdır.

-Avropa oyandı. Londonda keçirilən görüş iştirakçıları Ukraynaya kömək etmək istəyində yekdilliklə razılaşdılar və sıx transatlantik əməkdaşlığa və şərq sərhədinin möhkəmləndirilməsinə ehtiyac olduğunu anladılar”, - Polşanın baş naziri Donald Tusk “X” sosial şəbəkəsində yazıb.

Aİ ABŞ-nin dəstəyi olmadan hərəkət etmək istəmir
İtaliyanın baş naziri Corca Meloni jurnalistlərə deyib ki, Avropa Ukraynada uzun sürməyəcək sülhə razılaşa bilməz və buna görə də, Aİ ölkələri təklif olunanları dəyərləndirərkən diqqətli olmalıdırlar.

Artıq “axsaq ördəyə” çevrilmiş Olaf Şolz ABŞ, Kanada və Avropanın “təhlükəsizliyinin açarı”nın Şimali Atlantika Alyansı olduğunu iddia edib. Onun sözlərinə görə, NATO-nun gücləndirilməsi “müdafiə xərclərindən” asılıdır və bu, Aİ ölkələrinin irəliləyəcəyi yoldur.

Sammitdən sonra çıxış edən Hollandiyanın Baş naziri Dik Şof vurğulayıb ki, Avropa qitənin təhlükəsizliyinin təmin edilməsində daha böyük rol oynamağa borcludur.

Lakin Aİ ölkələrinin heç də hamısı sammitin nəticələri və Ukraynaya pul və hərbi yardım ayrılması ilə razılaşmır. Slovakiyanın baş naziri Robert Fitso bildirib ki, Bratislava Kiyev rejiminə “heç bir hərbi və ya maliyyə yardımında iştirak etməyəcək”.

Əvvəlcədən proqnozlaşdırıldığı kimi Macarıstanın baş naziri Viktor Orban da Ukraynaya dəstək verilməsinə qarşı çıxıb.


“Aydın oldu ki, Ukraynaya yanaşmamızda strateji fərqlər var ki, onları layihələr hazırlamaq və məlumat mübadiləsi ilə aradan qaldırmaq mümkün deyil”, - “Financial Times (FT)” qəzeti Viktor Orbanın Avropa Şurasının (AŞ) sədri Antonio Koştaya yazdığı məktubdan sitat gətirir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:     Ukrayna   plan  





Xəbər lenti