Fransa şirkəti Ukraynada “Starlink”i əvəzləməyə çalışır

“Avropa ölkələri ilə “Eutelsat”ın apardığı danışıqlarda 1200 kilometr yüksəklikdə orbitdə olan 600-ə yaxın peykdən, həmçinin geostasionar orbitdə şirkətin peyklərindən (təxminən 35 min kilometr hündürlükdə) ibarət “OneWeb” peyk sisteminin istifadəsi müzakirə olunur. Bu peyklər həm Ukraynada, həm də Qara dəniz regionunda rabitəni gücləndirə bilər”, - “Financial Times” nəşri bildirib.
“Eutelsat” şirkətinin nümayəndələrinin sözlərinə görə, əlavə terminalların yerləşdirilməsi Avropa ölkələrinin satınalma və infrastrukturun koordinasiyası ilə bağlı qərarları nə qədər tez qəbul etməsindən asılıdır.
Analitiklərin iddiasına görə, “Starlink”ə rəqib olan “Eutelsat” Fransa şirkəti İlon Maskın sistemini Ukraynada əvəz edə bilər. Yeri gəlmişkən, “Eutelsat” “Starlink” ilə eyni əhatə dairəsi imkanlarını təklif etdiyini açıqlayıb. Şirkət həmçinin “Starlink” kimi Ukrayna PUA-ları üçün rabitəni təmin edə bilər.
Xatırladaq ki, fevralın sonunda bir neçə mənbəyə istinad edən “Reuters” agentliyi Kiyev və Vaşinqton arasında mineral ehtiyatlar üzrə razılıq əldə olunmayacağı tərzdə, ABŞ-nin Ukraynanı “Starlink” sistemindən ayırmaq variantını nəzərdən keçirdiyi barədə xəbər yaymışdı.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ukrayna