Tramp Zelenskinin Krımdan imtina etməyə hazır olduğunu açıqladı

   Tramp Zelenskinin Krımdan imtina etməyə hazır olduğunu açıqladı
  28 Aprel 2025    Oxunub:476
ABŞ prezidenti Donald Tramp diqqət çəkən fikirlər səsləndirib. O, belə hesab edir ki, Ukrayna prezidenti Volodimir Zelenski Krımın Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutan sülh sazişi bağlamağa hazırdır.
“Sky News” telekanalının məlumatına görə, Tramp Vatikanda keçirilən görüşdə işğal olunmuş yarımada ilə bağlı məsələni müzakirə etməyə nail olub.

Tramp Makronu qovub? | VİDEO
Jurnalistlər Trampdan Zelenskinin Rusiyanın 2014-cü ildə işğal etdiyi əraziləri Kremlə “verməyə” hazır olub-olmadığını soruşublar. Ağ Ev rəhbəri "Mən belə düşünürəm!” cavabını verib.

"Görək yaxın bir neçə gündə nə olacaq... Mənimlə Krım haqqında danışmayın. Bu barədə Obama və Baydenlə danışın", - o əlavə edib. (Krım 2014-cü ildə Barak Obama ABŞ prezidenti olanda Rusiya tərəfindən ilhaq edilib).

Tramp həmçinin bildirib ki, Papa Fransiskin dəfn mərasimi zamanı Zelenski ilə təşkil olunan qısa görüş ümumilikdı yaxşı keçib.

“Mən onun artıq sakitləşdiyini gördüm. Məncə, o, yaranmış mənzərəni başa düşür. Düşünürəm ki, Zelenski sövdələşməyə getmək istəyir”, – siyasətçi Zelenski ilə söhbəti haqda deyib.

"The Telegraph”nəşri isə yazıb ki, proseslər sülhə doğru gedir. Britaniya hökumətindəki mənbələr müharibəyə son qoymaq üçün aaprılan danışıqların gedişinə nikbin baxdıqlarını bildiriblər.

“Uzun müddətdən sonra ilk dəfədir ki, bütün tərəflər kifayət qədər pozitiv görünür, hamının eyni istiqamətdə getdiyini düşünürlər. Hər kəs artıq yaxın bir neçə günün həlledici tarix olmasını istəyir”, - mənbə bildirib.

Xatırladaq ki, aprelin 26-da Vatikanda keçirilən Papa Fransiskin dəfn mərasimindən əvvəl Ukrayna və ABŞ prezidentləri arasında qısa danışıqlar aparılıb. Bu, fevral ayında Ağ Evdə baş verən qalmaqallı görüşdən sonra tərəflərin ilk üzbəüz görüşü idi.
Üstəlik, görüş Trampın komandasının danışıqlar prosesindən uzaqlaşa biləcəklərini bəyan etməsindən və Londondakı məsləhətləşmələrin pozulmasından sonra baş tutub. Xarici KİV-in məlumatına görə, Amerika tərəfi Ukraynanın ərazi güzəştlərinə getmək istəməməsindən qəzəblənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Krım   Zelenski  





Xəbər lenti