Zərifə Əliyevanın ad günü münasibətilə tədbir keçirilib

  Zərifə Əliyevanın  ad günü  münasibətilə tədbir keçirilib
  28 Aprel 2025    Oxunub:382
Bu gün, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir təşkil olunub. Tədbir, Zərifə xanımın səhiyyə sahəsindəki əvəzsiz xidmətlərinin bir daha xatırlanması və onun irsinin gələcək nəsillərə ötürülməsi məqsədini daşıyıb.
AzVision.az xəbər verir ki, İlk olaraq, Zərifə xanım Əliyevanın adını daşıyan Naxçıvan Şəhər Poliklinikasında onun büstü önünə gül dəstələri qoyulub.

Daha sonra, tədbirin əsas hissəsi Naxçıvan Muxtar Respublikası Xəstəxanasında keçirilib. Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib. Tədbirə rəsmi açılış nitqi ilə başlayan Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafına verdiyi misilsiz töhfələri vurğulayıb, səhiyyə sistemindəki irsinin dərin təsir yaratdığını və bu gün səhiyyə sahəsində aparılan islahatlarda onun dəyərli mirasının özünü göstərdiyini xüsusi ilə diqqətə çatdırıb.

Tədbirdə həmçinin, Naxçıvan MR Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri vəzifəsini icra edən Hüseyn Ələsgərov çıxış edərək, Zərifə Xanım Əliyevanın tibbi sahəyə olan böyük töhfələrini vurğulayıb və onun oftalmologiya sahəsindəki müstəsna rolunu qeyd edib. Hüseyn müəllim çıxışında Zərifə xanımın insanlara olan sonsuz sevgisi və öz işinə olan bağlılığının tibb sahəsindəki hər kəsə örnək olduğunu bildirib.

Cərrah-oftalmoloq Məhəmməd Vəliyev çıxışında Zərifə Xanımın anadan olmasının 102-ci ildönümünə həsr edilmiş "Görmək Gözəldir" aksiyasının statistikası və əhəmiyyətinə toxunub. Məhəmməd həkim, aksiyanın Naxçıvanın müxtəlif bölgələrində geniş miqyasda həyata keçirildiyini və yüzlərlə vətəndaşın oftalmoloji müayinələrdən keçirildiyini qeyd edib.

Sonra, Naxçıvan Sağlamlıq Mərkəzinin oftalmoloq həkimləri, “Görmək Gözəldir” aksiyasında göstərdikləri müstəsna xidmətlərə görə xüsusi təşəkkürnamələrlə təltif olunublar.

Tədbirin yekununda, Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən hazırlanan və Zərifə Xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Zərifə Xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünün qeyd edilməsi, onun səhiyyə sahəsindəki xidmətlərinin, insanlara olan sevgisinin və təvazökarlığının əbədiləşdirilməsi üçün mühüm bir addım olub.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti