Moskvada Heydər Əliyevə abidə ucaldılacaq

      Moskvada Heydər Əliyevə abidə ucaldılacaq
  04 Mart 2025    Oxunub:326
Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılacaq. Heykəl artıq təntənəli abidə daşının qoyulması mərasiminin keçirildiyi Azərbaycanın Moskvadakı səfirliyinin yaxınlığındakı parkda quraşdırılacaq.
AzVision.az xəbər verir ki, abidə daşının qoyulması mərasimində Moskvanın meri Sergey Sobyanin, Rusiya baş nazirinin müavini Vitali Savelyev, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev, həmçinin Baykal-Amur magistralının tikintisinin veteranları iştirak ediblər.

Xatirə lövhəsində bu sözlər həkk olunub: “Burada iki dəfə Sosialist Əməyi Qəhrəmanı, görkəmli dövlət və siyasi xadim, Nazirlər Sovetinin Baykal-Amur magistralının tikintisi və inkişafı üzrə komissiyasının sədri Heydər Əliyevin abidəsi ucaldılacaq”.

Xatırladaq ki, Heydər Əliyev SSRİ Nazirlər Sovetinin BAM-ın tikintisi üzrə Komissiyasının sədri vəzifəsini tutaraq bu strateji əhəmiyyətli layihənin həyata keçirilməsinə mühüm töhfələr verdi. Moskvada abidənin qoyulması onun təkcə Azərbaycana deyil, həm də Sovet İttifaqına əsas infrastruktur layihələrinin inkişafında xidmətlərinin etirafıdır.

Abidənin ucaldılması ideyası Heydər Əliyevin rəhbərliyi altında çalışmış və onun dəmir yolu dəhlizinin inkişafındakı xidmətlərini yüksək qiymətləndirən Baykal-Amur magistralının tikintisi veteranlarına məxsusdur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: HeydərƏliyev   Moskva   abidə  





Xəbər lenti