Ruben Vardanyanın vəkili vəsatətlərlə çıxış edib

Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətlərə münasibət bildirərək qeyd edib ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq qərar qəbul olunub. Belə ki, təqsirləndirilən şəxsə həm ibtidai istintaqın, həm də məhkəmənin gedişində işin materialları ilə tanış olmaq üçün kifayət qədər vaxt verilib. Həmçinin təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izahına dair bildirişlərin, cinayət məsuliyyətinə cəlbetmə haqqında qərarın təqdim olunması işin materialları ilə təsdiq edilir. Bütün bunları nəzərə alaraq prokuror həmin vəsatətlərin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.
Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər ittiham tərəfinin mövqeyi ilə razılaşdıqlarını bildiriblər.
Məhkəmə yerində müşavirə keçirərək vəsatətlərə münasibət bildirib.
Hakim Zeynal Ağayev qeyd edib ki, təqsirləndirilən şəxsə ibtidai istintaq dövründə hüquq və vəzifələrinin izahına dair bildiriş təqdim olunub və bu hal işin materialları ilə təsdiqlənir. Bundan başqa, həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə hüquq və vəzifələri ətraflı izah olunub, buna dair bildirişlər məhkəmə tərəfindən də ona rəsmi şəkildə təqdim edilib. Həmçinin işin materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə kifayət qədər vaxt verilib. Lakin təqsirləndirilən şəxs işin materiallarında olan sənədlər, o cümlədən məhkəmə iclasının protokolları ilə tanış olmaq istəyirsə, bununla bağlı ona yenidən şərait yaradılacaq.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
AzVision.az
Teqlər: