Duma BMT-dən Putinə qarşı sui-qəsd planının araşdırılmasını tələb edir

Duma BMT-dən Putinə qarşı sui-qəsd planının araşdırılmasını tələb edir
  29 Yanvar 2025    Oxunub:426
Rusiya Dövlət Duması jurnalist Taker Karlsonun ABŞ-nin keçmiş prezidenti Cozef Bayden administrasiyasının Vladimir Putinə sui-qəsd hazırlaması barədə bəyanatının araşdırılmasını tələb edir. Bunun üçün duma ABŞ Konqresinə və BMT-yə müraciət göndərmək qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda o da vurğulanıb ki, plenar iclasda Dumanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Vasili Piskarev amerikalı jurnalistin Blinkenin təklifi ilə sui-qəsd planının müzakirəyə çıxarılmasına diqqət çəkib. O, məsələyə aydınlıq gətirilməsi üçün Amerika parlamentarilərinə müraciət etməyi təklif edib.

Kolesnik: "ABŞ Putinə sui-qəsd hazırladığına görə cavab verəcək"
Bundan öncə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik News.ru-ya müsahibəsində demişdi ki, ABŞ Rusiya prezidentinə qarşı sui-qəsdin hazırlanmasına görə cavab verəcək.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin də özünün Telegram kanalında qalmaqallı sui-qəsd mövzusuna reaksiya verib. O qeyd edib ki, Putinə sui-qəsd hazırlamaq nüvə müharibəsinin başlanmasına aparan birbaşa yoldur.

Yanvarın 28-də Kremlin sözçüsü Dmitri Peskov da brifinq zamanı Karlsonun Bayden administrasiyasının Putini “öldürməyə cəhd etməsi” ilə bağlı bəyanatını şərh edib. O, jurnalistin Kremlə bu barədə hər hansı məlumat daxil olub-olmadığını və əlavə təhlükəsizlik tədbirlərinin görülüb-götürülməməsi ilə bağlı sualını cavablandırarkən deyib: "Putin həmişə Rusiya xüsusi xidmət orqanları tərəfindən qorunur".

Xatırladaq ki, məşhur amerikalı jurnalist Taker Karlson bu günlərdə Cozef Bayden administrasiyası tərəfindən Vladimir Putinə sui-qəsd ilə bağlı planların olduğunu açıqlamışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Duma   Sui-qəsd   ABŞ  





Xəbər lenti