Azərbaycan Pakistanda yeni zavodun tikintisi üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan Pakistanda yeni zavodun tikintisi üzrə əməkdaşlığı müzakirə edib
  01 Avqust 2023    Oxunub:1249
Azərbaycan Pakistanda yeni neft emalı zavodunun tikintisi üzrə mümkün əməkdaşlıqla bağlı müzakirələri davam etdirilir.
AzVision.az -ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu energetika nazirinin müavini Kamal Abbasov İslamabad şəhərində keçirilən Pakistan Mineral İnvestisiya Sammiti: “Tozdan İnkişafa” adlı beynəlxalq tədbirdə çıxışı zamanı bildirib.

"Faydalı qazıntılar sənayesinin inkişafı və dayanıqlı idarəetmə" adlı nazirlər sessiyasında çıxış edən nazir müavini Azərbaycanın neft-qaz sənayesinin inkişafı, hasilat həcmləri, ixrac dinamikası və gələcək planlar haqqında məlumat verib, ölkəmizin qlobal yaşıl enerji keçidinə və enerji təhlükəsizliyinə töhfələrindən danışıb.

Ortaq tarix, mədəniyyət və din, həmçinin həmrəylik və qarşılıqlı dəstək əsasında qurulmuş, hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Pakistan münasibətlərini vurğulayan nazir müavini əməkdaşlıq əlaqələrinin iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən enerji sahəsində genişləndirilməsi üçün perspektivlərin olduğunu bildirib.

Çıxışda Azərbaycan Respublikası və Pakistan İslam Respublikası Hökumətləri arasında enerji sahəsində əməkdaşlıq haqqında imzalanmış Sazişə diqqət çəkilib və sənədin imzalanmasından ötən dövr ərzində SOCAR-ın Pakistanda LNG tədarükü istiqamətində etibarlı təchizatçı kimi fəaliyyəti vurğulanıb. Qısa zaman öncə LNG tədarükü sahəsində imzalanmış Sazişin bu istiqamətdə böyük imkanlar yaratdığı qeyd edilib. O da vurğulanıb ki, Azərbaycan Pakistana neft-kimya məhsulları və karbamid gübrəsi də tədarük edir və yaxın gələcəkdə ixracın həcmi genişləndirilə bilər. Həmçinin, Pakistanda neft-qaz strukturlarının kəşfiyyatı, həmçinin mədənçıxarma sektorunda müvafiq şirkətlərlə əməkdaşlıq imkanlarının olduğu da qeyd edilib.

Sammitdə təbii ehtiyatların idarə olunması, səmərəli istifadəsi, qlobal təchizat zəncirində təhlükəsiz təminatı ilə yanaşı mədənçilik sektorunda investisiya imkanlarına dair müzakirələr aparılıb.

Səfər çərçivəsində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bu ölkənin Energetika Nazirliyinin Alternativ Enerjinin İnkişafı Şurasının baş icraçı direktoru, Özəl Enerji və İnfrastruktur Şurasının icraçı direktoru Şah Cahan Mirzə ilə görüşüb. Bir sıra digər ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.
AzVision.az



Teqlər: Pakistan  





Xəbər lenti