Türkiyəyə gələn İran avtobusunda radioaktiv maddə aşkarlanıb - VİDEO

   Türkiyəyə gələn İran avtobusunda radioaktiv maddə aşkarlanıb -    VİDEO
  23 İyun 2023    Oxunub:1206
Türkiyə jandarm idarəsinin əməkdaşları sərhəd-keçid məntəqüəsində yoxladıqları İran sərnişin avtobusundan radioaktiv materiallar tapıblar.
AzVision.az “Anadolu” xəbər agentliyinə istinadən bildirir ki, Qorbulaq sərhədindən Türkiyəyə daxil olan avtobusu Ağrı vilayətindəki Doğubəyazıt keçid məntəqələrindən birində saxlayan jandarm əməkdaşları oradan siqaret qutularına basdırılmış 6 qram “Kalifornium” aşkar ediblər.

“Kalifornium” radioaktiv kimyəvi elementi ilk dəfə 1950-ci ildə ABŞ-ın Kaliforniya universitetinin laboratoriyasında hazırlanıb. Əsasən nüvə enerjisinin alınmasında, bəzən də neft və tibbi tədqiqatlarda istifadə olunan bu element yüksək qiymətə malikdir. Habelə 378 qızıl sikkənin də aşkarlandığı avtobusun iranlı sürücüsü həbs olunub, vilayət prokurorluğu isə araşdırmalara başlayıb.

Türkiyə rəsmiləri İrandan ölkəyə daxil olan avtomobillərdə narkotik və ya qaçaq malların aşkarlandığını dəfələrlə bəyan ediblər. Təxminən il yarım əvvəl Türkiyənin Ticarət naziri İrandan gəlmiş qoşqudan beş yüz kiloqrama yaxın maye metamfetaminin müsadirə edildiyini açıqlamışdı.

2016-cı ilin iyulunda isə Türkiyə mediası sözügedən sərhəd-keçid məntəqəsində bir tonluq bombaya bağlı yeraltı kabelin aşkar edildiyini və təhlükəsizlik qüvvələrinin “terror hücumunun” qarşısını ala bildiyini yazmışdı.

AzVision.az



Teqlər: Türkiyə   İran  





Xəbər lenti