Ölümdən qurtulan casus: Rusiya kəşfiyyatı necə uduzdu?!

  Ölümdən qurtulan casus:  Rusiya kəşfiyyatı necə uduzdu?!
  21 İyun 2023    Oxunub:3150
Kəşfiyyatlar arasında gedən mübarizədə yüksək vəzifəli peşəkarların ələ alınması və onların məlumatları əsasında qarşı tərəfin casuslarının aşkarlanması ən effektiv metodlardan biri və bəlkə də birincisidir. Bu baxımdan, Moskvanın Rusiya Xarici kəşfiyyat idarəsinin keçmiş polkovniki Aleksandr Poteyevi ABŞ ərazisində öldürmək cəhdi barədə The New York Times nəşrində dərc olunan məqalə böyük rezonans doğurub.
Qəzetin jurnalistləri özlərinin topladıqları məlumatlar, ABŞ güc strukturlarının üç sabiq əməkdaşının dedikləri, habelə milli təhülkəsizlik və kəşfiyyat üzrə Harvard universitetinin professoru Kalder Uoltonun “Casuslar. Şərqlə Qərb arasında epoxal kəşfiyyat müharibəsi” kitabındakı materiallar əsasında bir neçə il əvvəl Rusiya kəşfiyyatının Aleksandr Potoyevi öldürməyə cəhd göstərdiyini bildirirlər.

Aleksandr Poteyev kimdir və niyə hədəf seçilib?
İkinci Dünya müharibəsində Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş tankçı Nikolay Poteyevin oğlu olan Aleksandr Poteyev SSRİ DTX-nin xüsusi təyinatlı “Zenit” və “Kaskad” qrupları tərkibində Əfqanıstanda keçirilən əməliyyatların iştirakçısı kimi 1981-ci ildə “Qızıl Ulduz” ordeni ilə təltif edilib. DTX-nın institutunu bitirən Poteyev əvvəlcə SSRİ DTX-nin Birinci baş idarəsində (kəşfiyyat), daha sonra isə Rusiya Federasiyasının Xarici Kəşfiyyat xidmətində çalışıb. Rusiyanın ABŞ-dakı səfirliyində, 1995-ci ildə isə Rusiyanın BMT-dəki Daimi nümayəndəliyində işləyib. 2000-ci ildə polkovnik Poteyev Rusiya Xarici kəşfiyyat xidmətinin “C” idarəsi (qeyri-leqal kəşfiyyat) rəisinin müavini təyin olunub. Həmin idarədə Aleksandr Poteyev 4-cü şöbəyə (Amerika) rəhbərlik edib.

Xaricdəki qeyri-leqal rus kəşfiyyatçıları barədə unikal məlumatların daşıyıcısı olan polkovnik Potoyevin Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedevin Vaşinqtona səfəri ərəfəsində, 2010-cu ilin iyununda “Dudoçkin” soyadı altında saxta pasportla ABŞ-a qaçması Kremldə şok effekti yaratdı. Bir qədər sonra şok effekti Moskva üçün sarsıdıcı zərbə ilə əvəzləndi. Belə ki, məhz onun məlumatları əsasında ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) apardığı istintaq əməliyyatları indi çoxlarının yaxşı tanıdığı Anna Çapman da daxil olmaqla, Rusiyanın 11 nəfərdən ibarət böyük bir casus şəbəkəsini ifşa etdi.


2011-ci ilin iyununda Moskva hərbi dairə məhkəməsinin qərarı ilə Poteyev şifahi qaydada ciddi rejimli koloniyada 25 illik həbs cəzasına məhkum olundu. Məhkəmənin hökmünə əsasən, Aleksandr Poteyev polkovnik rütbəsindən və dövlət mükafatlarından da məhrum edildi.

Poteyevin başı üzərində buludlar qaralmağa başlayır

Münasibətlərin yeniənməsi siyasəti çərçivəsində gərginliyi azaltmaq naminə Obama administrasiyasının səyləri nəticəsində ABŞ-da aşkarlanan 11 casusdan 10-u Rusiyaya qaytarıldı. Bunun qarşılığında Moskva 4 məhbusu azad etdi. Onların arasında Böyük Britaniyaya dövlət sirlərini satdığına görə 2006-cı ildə 13 il həbs cəzasına məhkum olunmuş, hərbi kəşfiyyat idarəsinin sabiq polkovniki Sergey Skripal da var idi.

Rusiya prezidenti Vladimir Putin tərəfindən əvfindən və mübadiləsindən təxminən 8 il Sergey Skripalın qızı Yuliya ilə birlikdə Böyük Britaniyada “Noviçok” tipli maddə ilə qəsdən zəhərlənməsi qlobal miqyaslı qalmaqala səbəb oldu. Moskvanın bütün ittihamları inkar etməsinə baxmayaraq, 30-dan artıq ölkə və təşkilat çoxlu sayda rusiyalı diplomatı geri göndərdilər.

Məhz bu hadisənin Mərkəzi Kəşfiyyat idarəsində (MKİ) ciddi həyəcan doğurduğu bildirilir. Qurumun rəhbərləri ABŞ-a pənah gətirmiş Poteyev kimi sabiq casusların da tezliklə hədəfə çevrilə biləcəyindən ehtiyatlanıblar. DTX-nin keçmiş zabiti Vladimir Putin kəşfiyyatdakı satqınlara, xüsusilə də Qərbə kömək edənlərə öz dərin nifrətini gizlətmir və Poteyevi cəzalandıracağını çoxdan vəd edib.

MKİ-nin keçmiş əməkdaşı, Avropada və Rusiyada keçirilən əməliyyatların kuratoru Mark Polimeropulos Putin üçün qırmızı xətlərin çoxdan keçildiyini və onun bütün bu adamların (casusların) ölümünü istədiyini deyib.
Onun öz düşmənlərini hətta xaricdə təqib etdiyini nəzərə alan MKİ çox qiymətli məlumatlar vermiş Aleksandr Poteyevin ABŞ ərazisində qətlinin qarşısını almaq üçün ciddi tədbirlər görür.

“Müasir Merkader” planı

Harvard universitetinin professoru, “Casuslar. Şərqlə Qərb arasında epoxal kəşfiyyat müharibəsi” kitabının müəllifi Kalder Uolton iki amerikalı kəşfiyyatçının müsahibəsinə istinadən yazır ki, ruslar “müasir Merkaderin” (1940-cı ildə Mexikoda buzqıran balta ilə Lev Trotskini qətlə yetirən Ramon Merkader nəzərdə tutulur) iştirakı ilə əməliyyat hazırlayırlar. Onun sözlərinə görə, amerikalı kəşfiyyatçıların dedikləri Poteyevin öldürülməsi üçün “müasir Merkader” əməliyyatının artıq başladığından xəbər verirdi.

Bir müddət Poteyev sanki nəzərdən itir. Rusiya kəşfiyyatı onu tapmaq üçün öz əməliyyat işçilərini ABŞ-yə göndərir, hərçənd bunun hansı məqsədlə edildiyi naməlum qalır. 2016-cı ildə Rusiya KİV-ləri onun ölümü barədə məlumat yayırlar ki, bəzi ekspertlər də bunu Poteyevin yerini müəyyənləşdirmək üçün xüsusi gediş kimi qiymətləndirirlər. Həqiqətdə isə sağ olan Poteyev Mayamidə yaşayırdı.
Elə həmin il Aleksandr Poteyev balıq ovu üçün lisenziya alır, habelə əsl adı ilə respublikaçılar partiyasının üzvü kimi seçkilərdə səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçir. Beləliklə də, 2018-ci ildə xəbər agentlikləri onun olduğu yer barədə məlumatlar yayırlar. 2019-cu ildə isə ruslar artıq Poteyevin tapılması prosesinə Meksikanın Oaxaki şəhərindən olan alim Qektor Alexandro Kabrera Fuentesi qoşurlar.


Rusiyanın Kazan şəhərində mikrobioloq ixtisasına yiyələndikdən sonra Almaniyanın Gissen universitetində bu sahə üzrə doktorluq dərəcəsi alan Fuentesin iki zövcəsinin olmasından rusla məharətlə istifadə edirlər. Fuentesin həyat yoldaşlarından biri Almaniyada yaşayan rus mənşəli yaşayan rus xanım idi. Onun digər həyat yoldaşı isə Meksikada yaşayırdı. 2019-cu ildə Fuentesin Almaniyaya qayıtmaq istəyən rus xanımının və iki qızının Rusiyadan çıxışına qadağa qoyulur. Həmi ilin mayında onların yanına gələn Fuentesə bir rusiyalı məmur Moskvada görüşməyi təklif edib. Həmin görüşlərdən birində məmur Fuentesə Rusiyadan çıxa bilməyən ailəsini xatrıladaraq bu məsələdə “qarşılıqlı kömək” üçün imkan olduğunu deyib.

Bir neçə aydan sonra həmin məmur meksikalıya Aleksandr Poteyevin yaşadığı Mayami-Biç rayonunun şimalında mənzil kirayə tutmasını xahiş edib. 2020-ci ildə Moskvaya qayıdan Fuentes rusiyalı məmurdan Poteyevin avtomobilinin təsvirini alıb. Məmur Poteyevin maşınını tapmağı, onun nömrəsini və faktiki yerləşdiyi məkanı yzamağı tapşırıb. Hər hansı bir ifşaedici sübutların olmaması üçün fotolar çəkməməyi tövsiyə edib.

Lakin Fuentes əməliyyatı iflasa uğradıb. Elə girişdə onun davranışı yaşayış kompleksinin təhlükəsizlik xidmətinin diqqətini cəlb edib. Fuentes sorğu-suala tutulanda isə onun xanımı Poteyevin avtomobilinin nömrəsinin fotoşəklini çəkməyə gedib. Bu cütlüyə ərazini tərk etmək əmr olunub, videomüşahidə kameraları isə insidenti qeydə alıb. İki gündən sonra təyyarə ilə Meksikaya uçmaq istəyən “müsair Merkader” ABŞ-nin gömrük və sərhəd xidmətlərinin əməkdaşları tərəfindən saxlanılıb. Aparılan axtarış nəticəsində onun telefonunda Aleksandr Poteyevin avtomobilinin şəkilləri aşkarlanıb.

Bundan sonra həbs olunan Fuentes amerikalı müstəntiqlərə rus məmurdan aldığı planın detallarını açıqlayıb. Onun fikrincə, həmin məmur Rusiyanın Federal Təhlükəsizlik xidmətinə (FTX) işləyir. Amma xaricdə keçirilən məxfi əməliyyatlara adətən Xarici Kəşfiyyat xidməti rəhbərlik edir.

Məmurlardan birinin fikrincə, əsas məqsədin nədən ibarət olduğundan şübhələnməyən meksikalının, sadəcə, rusların sonradan istifadə etməyi planlaşdırdıqları məlumatları toplayıb. Fuentesin vəkili Ronalq Qeynor məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Rusiya kəşfiyyatının Aleksandr Poteyevi qətlə yetirmək planlarının ifşası Vaşinqton-Moskva münasibətlərindəki gərginliyi daha da artırdı. 2021-ci ilin aprelində Birləşmiş Ştatlar Rusiyanın Xarici Kəşfiyyat xidmətinin rezidenturasının rəisi də daxil olmaqla,10 rus diplomatını ölkədən çıxardı. Diplomatik ənənələrə uyğun şəkildə simmetrik cavab verən Rusiya 10 amerikalı diplomatı, o cümlədən də MKİ-nin Moskvadakı rezidenturasının rəisini ölkədən çıxardı.

Aleksandr Poteyevin öldürülməsi üçün Rusiya kəşfiyyatnın planları isə Moskvanın hələ də Stalin rejiminin metodlarından istifadə etdiyini sübuta yetirir. Bu məsələdə ən qibtəolunmayacaq rolları isə “Merkaderlər” oynayırlar. Bilərəkdən və ya bilməyərəkdən. Xoşbəxtlikdən ispaniyalı Ramon Merkaderdən düz 80 il sonra bu estafeti qəbul edən meksikalı Qektor Alexandro Kabrera Fuentesin missiyası iflasa uğrayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   kəşfiyyat  





Xəbər lenti