Tbilisidə gərgin gecə: İğtişaşlar kütləvi həbslərlə bitib -VİDEO

    Tbilisidə gərgin gecə:    İğtişaşlar kütləvi həbslərlə bitib    -VİDEO
  09 Mart 2023    Oxunub:1143
Gürcüstanda vəziyyət gərgin olaraq qalır. Ötən gecə paytaxtda etirazçılar küçələrə axışaraq hökumət əleyhinə şüarlar səsləndiriblər.
Yerli media yazır ki, xüsusən Tbilisinin mərkəzində vəziyyət gərgin olub. Polislə etirazçılar arasında toqquşmalar qeydə alınıb.

Qeyd edilir ki, təhlükəsizlik qüvvələrinin aksiyanı dağıtmaq cəhdlərinə baxmayaraq, etirazçılar bütün gecəni şəhərin mərkəzini tərk etməyiblər. Hətta nümayişçilər polis avtomobilini də yandırıblar.

Öz növbəsində gürcü xüsusi təyinatlıları da qarşı tərəfə sərt reaksiyalar verərək Tbilisinin mərkəzində qurulmuş barrikadaları dağıdıblar.

Gürcüstandakı aksiyalarda 66 nəfər saxlanılıb
Etirazçılara qarşı təzyiqli su və gözyaşardıcı qazdan istifadə olunub. Polis vətəndaşların kütləvi həbsinə başlayıb.

Səhər saatlarında isə etirazların mərkəzinə çevrilən Rustaveli prospektində sabitlik bərpa olunub. Nəqliyyatın normal hərəkəti təmin edilib.


Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Gürcüstan   Aksiya   Polis  





Xəbər lenti