"Qarabağ"dan geri qalmayacağıq" - Kendziorek
O, avrokubok təcrübələrinin olduğunu və "Qarabağ"dan geri qalmayacaqlarını bildirib: "Qarşımızda hansı rəqibin olmasının önəmi yoxdur. "Qarabağ"ın heyətində elə oyunçular var ki, Polşa çempionatında çıxış ediblər. Məsələn, Marko Veşoviç “Legiya”dan “Qarabağ”a keçib, Luka Quqeşaşvili isə “Yagelloniya”nın sabiq qapıçısıdır. Bizim də avrokuboklarda təcrübəmiz var. Ona görə də bu baxımdan rəqibdən geri qalacağımızı düşünmürəm".
Kendziorek "Qarabağ" haqda bildiklərini açıqlayıb: “Rəqibimiz ən yaxın izləyicisi üzərində 19 xallıq fərqlə növbəti dəfə Azərbaycan çempionluğunu qazandı. Baş məşqçiləri 2008-ci ildən 4-2-3-1 oyun sisteminə üstünlük verən Qurban Qurbanovdur. Hücumda ən böyük qüvvələri braziliyalı Kadi Borqes və seneqallı İbrahim Vadjidir. Yaxın müddətdə onları daha ətraflı təhlil edəcəyik”.
42 yaşlı mütəxəssisin fikrincə, ilk matçın Polşada keçirilməsi onların əleyhinə yox, lehinədir: “Əvvəllər cavab matçını evdə keçirmək yaxşı hal idi. Səfər qolu üstünlüyü qaydası qüvvədə olanda belə idi. İndi buna daha geniş baxmaq lazımdır. “Qarabağ”la ilk matçdan üç gün sonra Polşa Superkubokunda “Rakuv”la oyunumuz olacaq. Bu baxımdan səfərin olmaması bizim üçün yaxşıdır. Amma hər şeyə meydançada aydınlıq gələcək”.
Matsey Kendjyorek Bakıda isti havada oynamağa hazır olacaqlarını əlavə edib: “Hər bir detala diqqət yetirəcəyik. Azərbaycanda havaların isti keçməsi aspektinə də hazırlaşacağıq. Bunu necə asanlaşdırmaq barədə artıq müəyyən fikrimiz var”.
Teqlər: