Dünya Bankı ədliyyə sahəsində reallaşdırılan layihəni örnək kimi qiymətləndirir
Həmin layihələrin icrasına dəstək missiyasının üzvləri ölkəmizdə səfərdə olaraq ötən dövrdə layihə çərçivəsində inşa olunmuş məhkəmə bina və komplekslərinin, elektron sistemlərin monitorinqini aparıb, həmçinin ötən il istifadəyə verilmiş Sumqayıt və Masallı Məhkəmə kompleksləri, Suraxanı Rayon Məhkəməsinin müasir binası, nazirliyin yeni elektron data mərkəzləri ilə tanış olublar.
Səfər zamanı Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Maykl və layihənin icrasına dəstək missiyasının nümayəndə heyəti ədliyyə nazirinin müavini Azər Cəfərov ilə görüşüblər.
Dünya Bankı ilə uzun müddətdir ədliyyə sahəsində səmərəli əməkdaşlıq edildiyini bildirən nazir müavini birgə həyata keçirilən layihələrin uğurlu nəticələrini vurğulayıb, dövlət başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq layihələr çərçivəsində ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən tədbirləri, müasir texnologiyaların geniş vüsət almasını, o cümlədən “e-məhkəmə”, “e-notariat və “e-icra” informasiya sistemlərinin tətbiqini qeyd edib.
Xanım Sara Maykl ədliyyə sahəsində nümunəvi əməkdaşlığı, həyata keçirilən layihələrin Bankın ən uğurlu və öncül layihələrindən olduğunu vurğulayıb, bu sahədə Azərbaycanın nailiyyətlərinin digər dövlətlər üçün örnək olduğunu və müsbət təcrübəmizin dünyada geniş yayılmasının vacibliyini qeyd edib. Bildirib ki, Dünya Bankı ölkəmizlə uzunmüddətli etibarlı tərəfdaşlıq münasibətlərini davam etdirməkdə maraqlıdır.
Dəstək missiyasının üzvləri aparılan monitorinqlər zamanı binaların səliqə-sahmanla istismar olunmasının, yaradılmış yüksək şəraitin bütün istifadəçilərdə, o cümlədən məhkəmələrə gələn vətəndaşlarda məmnunluq doğurmasının şahidi olduqlarını söyləyib, bir neçə məhkəmələrin yerləşdiyi məhkəmə komplekslərinin, “Elektron məhkəmə”nin səmərəli tətbiqinin ədalət mühakiməsinə əlçatanlığı asanlaşdırdığını vurğulayıblar.
Ədliyyə Nazirliyi tərəfindən layihənin icrasına peşəkar yanaşıldığını bildirən qonaqlar mediasiya, özəl icra institutlarının təşviqi, qurumların institusional potensialının gücləndirilməsi, aztəminatlı ailələrə ödənişsiz hüquqi yardımın göstərilməsi və s. üzrə tədbirləri nəzərdə tutan layihənin, həmçinin Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Ombudsman təsisatı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Vəkillər Kollegiyasını da müxtəlif istiqamətlər üzrə əhatə etməsinin əhəmiyyətini qeyd ediblər.
Söhbət zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbə nəticəsində azad edilmiş torpaqlarımızın bərpasının ölkəmizin ən mühüm prioritetlərindən olduğu vurğulanıb. Dünya Bankının təmsilçiləri həmin ərazilərdə ədliyyə orqanlarının və məhkəmələrin bərpası işində yardım göstərməyə hazır olduqlarını söyləyiblər.
Görüşdə layihə çərçivəsində birgə tədbirlərin icrası prosesinə, həmçinin e-məhkəmə sisteminin imkanlarının müasir çağırışlara uyğun artırılması, “süni intellekt”dən istifadə, intellektual idarəetmə və digər rəqəmsal yeniliklərin tətbiqinə dair faydalı fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: