Daşkəsəndə “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi icra edilib
Daha sonra KOBİA-nın Gəncə-Qazax iqtisadi rayonu üzrə koordinatoru Anar Əliyev dövlət qayğısı sayəsində regionda sahibkarlığın inkişafı istiqamətində icra edilən təşkilati, hüquqi və iqtisadi tədbirlər, biznes fəaliyyəti üçün yaradılmış əlverişli mühit, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi haqqında ətraflı məlumatlar verib, sözügedən layihənin töhfələrindən danışıb. O, təlimə cəlb edilmiş yerli fermerlərlə mütəmadi əlaqə saxlanılacağını və dəstəyin davam etdiriləcəyini qeyd edib.
Daha sonra təlim və praktiki məşğələlərdə iştirak etmiş Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən arıçı fermerlər sertifikatlarla təltif olunublar. Tədbir çərçivəsində Daşkəsən rayonu ərazisində nektar verən akasiya ağacları əkilib, günün sonunda fermerlərə tələb olunan ləvazimatlarla tam təchiz edilmiş 120 arı ailəsi və müvafiq dərman preparatları hədiyyə edilib.
Xatırladaq ki, layihənin ilkin mərhələsi çərçivəsində “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsinin üzvləri tərəfindən yerli icmaların layihədən yararlanması imkanlarını müəyyənləşdirmək, arıçılıq fəaliyyəti zamanı təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yollarını müəyyən etmək, eləcə də təşəbbüslərlə bağlı fikir mübadiləsi aparmaq məqsədilə arıçı fermerlərlə görüş təşkil olunub. Layihənin növbəti mərhələsində isə müəyyən edilmiş ehtiyaclar üzrə cəlb edilmiş məsləhətçilər tərəfindən arılara yaz qulluğu, beçələmə və ana arıların yetişdirilməsi qaydaları barədə üçgünlük nəzəri təlimlər və praktiki məşğələlər keçirilib. Proqram çərçivəsində parazitar xəstəliklərin müalicə və profilaktikası, bu sahə üzrə yeniliklərin tətbiqi istiqamətlərində məlumatlılığın artırılması məqsədilə metodiki təlimat bukletləri paylanılıb. Eyni zamanda, KOBİA-nın KOB İnkişaf Mərkəzinin eksperti fermerlərə maliyyə resurslarına çıxış, aqrar sığorta işinin təşkili mövzularında seminar keçirib. Təlimlərdə fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.