Xəzər balıqlarında TƏHÜKƏLİ VİRUS

Xəzər balıqlarında TƏHÜKƏLİ VİRUS
  06 Mart 2014    Oxunub:3319
Sahilyanı ərazilər nəzarətə götürülür
İranın Mazandaran əyalətinin Baytarlıq İdarəsinin rəisi Məcid Bəxtiyarinin sözlərinə görə, Xəzər dənizindəki kefal balıqları virusa yoluxub. Ona görə də bu növ balıqların istifadəsi zərərlidir və qadağan olunur.

M.Bəxtiyari deyib ki, Xəzər dənizində kefal balıqlarının ölüm halları günbəgün artır: "Ölmüş kefal balıqlarının üzərində analizlər aparılıb. Bu balıqlarda aşkarlanan xəstəlik həm insan, həm də heyvan üçün təhlükəlidir. 45 gün ərzində ölmüş kefal balıqlarının üzərində aparılan analizlərin yekun nəticələri açıqlanacaq. Ona görə də əhalinin hələlik bu növ balıqları yeməsini məsləhət görmürük".

Baytarlıq İdarəsinin rəisi kefal balıqlarının xəstələnməsinə səbəb kimi sənaye və məişət tullantılarının çaylar vasitəsilə dənizə axıdılmasını göstərib və deyib ki, çayların çirkli suyu kefal balıqlarının virusa yoluxmasına səbəb olub.

Bu xəbərlərə əsaslanaraq, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanın Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərdə monitorinq keçirilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılması barədə Dövlət Baytarlıq Xidmətinə göstəriş verib.

Xidmətin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, göstərişə uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkəmizin Xəzər dənizi sahili rayonlarının baytarlıq idarələrinə telefonoqram göndərib.

Telefonoqramda ölkəmizin dəniz sahili ərazilərində monitorinq keçirilməsi, ərazidə ölmüş və xəstəliyə şübhəli balıqlara rast gəlinərsə onlardan baytarlıq-sanitariya tələblərinə uyğun nümunələrin götürülməsi, müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılmasına dair ciddi tapşırıq verilib.


Teqlər:





Xəbər lenti