Çəyirtkələrin miqrasiyasının qarşısı alınır

Çəyirtkələrin miqrasiyasının qarşısı alınır
  08 İyul 2020    Oxunub:3784
Xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Aqrar Xidmətlər Agentliyinin rayonlar üzrə bitki mühafizəsi sahəsində fəaliyyət göstərən yerli qurumları tərəfindən xüsusi təhlükəli zərərverici olan çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri həyata kecirilir.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, iyun ayının sonlarında respublika ərazisində güclü şimal-şərq küləklərindən sonra ölkə xaricindən, şimal istiqamətindən Şabran, Siyəzən rayonlarının lokal ərazilərində Asiya cəyirtkələrinin miqrasiyası müşahidə olunub.

Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarından ibarət monitorinq qrupu yaradılaraq çəyirtkə dəstələrinin uçuş koordinatları və ümumi ərazi müəyyənləşdirilib. Asiya çəyirtkəsinin faktiki inkişaf fazasında (İmaqo) hərəkət intensivliyi və həyat tərzi nəzərə alınmaqla mobil ultra kiçikhəcmli ciləyici aqreqatlarla təchiz olunmuş 5 Mitsibişi-L200 markalı avtomaşın və 2 yerüstü çiləyici cəlb olunmaqla sirayətlənmiş ərazilərdə “Arrivo” (t.m-Sipermetrin) preparatı ilə 500 hektar ərazidə kimyəvi mübarizə tədbirləri həyata kecirilib. Mübarizə tədbirlərinin vaxtında, operativ həmçinin optimal müddətdə və mobil texnikalar vasitəsilə aparılmsı nəticəsində cəyirtkə miqrasiyasının ziyan vurma həddi minumuma endirilib. Hazırda həmin ərazilərdə fitosanitar müşahidələr davam etdirilir, aşkarlanan xırda dəstələrə qarşı mübarizə tədbirləri həyata keçirilir.

Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda dərhal Agentliyin müvafiq yerli qurumlarına (Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı mərkəzinə məlumat verilsin.

Azvision.az



Teqlər: Çəyirtkə   Asiya  





Xəbər lenti