141 mindən çox vergiödəyicisi yardım üçün müraciət edib

141 mindən çox vergiödəyicisi yardım üçün müraciət edib
  08 İyun 2020    Oxunub:3914
Koronavirus pandemiyasından zərərçəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam edir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, iyunun 3-nə nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərərçəkmiş 28 min 213 vergiödəyicisi və maliyyə dəstəyi almaq üçün 113 min 495 fərdi (mikro) sahibkar, cəmi 141 min 708 vergiödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 258 min 349 işçini əhatə edən 28 min 213 vergiödəyicisi tərəfindən müraciət olunub. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 95,51 milyon manat, o cümlədən, 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi (50 faiz) 47,75 milyon manat təşkil edir. İyunun 3-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 min 532 vergiödəyicisinə 202 min 903 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 86,35 milyon manat vəsaitin köçürülməsi təmin olunub.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 113 min 495 vergiödəyicisindən müraciət daxil olub, 106 min 43 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,13 milyon manat təşkil edir. İyunun 3-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 60,71 milyon manat vəsaitin 101 min 381 fərdi (mikro) sahibkarın bank hesabına köçürülməsi təmin olunub.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergiödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergiödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Ətraflı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3c7VAAt

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/2VlICZ7

Azvision.az


Teqlər: Yardım   Sahibkar  





Xəbər lenti