PFL-ə mayın 25-dək vaxt verildi

  25 Aprel 2020    Oxunub : 3410
PFL-ə mayın 25-dək vaxt verildi
Avropa Peşəkar Futbol Liqalarına (EPFL) üzv liqaların nümayəndələrinin növbəti videokonfransı keçirilib.
Azvision.az xəbər verir ki, görüşdə Azərbaycan Peşəkar Futbol Liqasının da nümayəndəsi iştirak etib.

Əsas müzakirə mövzusu UEFA-nın 1 gün öncə İcraiyyə Komitəsinin iclasından sonra açıqladığı bəyanat və yerli çempionatların gələcək taleyi olub. Videokonfransda UEFA-nın təşkil etdiyi işçi qruplarda EPFL-i təmsil edən səlahiyyətli nümayəndələr də iştirak edərək orada gedən müzakirələr barədə təşkilatın üzvlərinə məlumat veriblər.

Qurumun prezidenti Lars Kristen Olsen üzv liqalara bir daha çağırış edərək bildirib ki, şərtlər uyğun olacağı təqdirdə, çempionatları tam başa çatdırsınlar. Ölkədəki vəziyyət əlverişli olmadığı halda isə ən geci 25 mayadək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə EPFL və UEFA-ya məlumat verilməlidir. Bu, UEFA İcraiyyə Komitəsinin verdiyi qərara əsasən tələb olunan tarixdir.

Həmin qərarda bildirilir ki, yüksək liqa yarışları 2 şərtlə erkən tamamlana bilər. Birinci, ölkə səviyyəsində idman yarışlarının təşkilini qadağan edən rəsmi qərarlar səbəbindən növbəti mövsümün başlamasından öncə normal vaxtda çempionatı başa vurmaq mümkün deyil. İkinci başa çatma tarixini uzadaraq çempionatı tamamlamaq ümumilikdə liqanı, yaxud klubları uzunmüddətli təsirindən çıxa bilməyəcəkləri iqtisadi problemlərlə üz-üzə qoyacaqsa.

Yarımçıq başa çatdırılacaq çempionatlardan UEFA yarışlarında iştirak hüququ qazanacaq komandalar idman dəyərlərinə xas və ayrı-seçkilik, ədalətsizlik olmadan, şəffaf prinsiplər əsasında seçilməlidir. Əks təqdirdə, qurum həmin klubların qeydiyyatını təsdiqləməmək hüququnu əlində saxlayır.

UEFA nəzdindəki 1-ci işçi qrupda yer alan EPFL nümayəndəsi hazırda 2 mümkün ssenari üzərində çalışdıqlarını və çempionatları tamamlamaq üçün tarixin ən geci iyulun sonu, avqustun əvvəlinin nəzərdə tutulduğunu bildirib. Bu ssenarilərdən ən real qəbul olunan ikincisinə əsasən UEFA özünün təşkil etdiyi 2019/2020 klub yarışlarını avqust ayı boyunca həm tamamlamaq, həm də növbəti mövsüm üçün təsnifat mərhələsi oyunlarını paralel keçirmək niyətindədir.

Lakin bu, hər bir halda son variant deyil və işçi qrup mayın ortasınadək 55 ölkə ilə məlumat mübadiləsi nəticəsində son təkliflə çıxış edəcək.

Azvision.az

Teqlər: Futbol   PFL