“Ukraynalılar Kurskdan niyə və necə çıxıblar?” - NYT

   “Ukraynalılar Kurskdan niyə və necə çıxıblar?”    - NYT
  17 Mart 2025    Oxunub:753
Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiyanın Kursk vilayətindəki mövqelərini tərk etməsinin səbəblərindən biri də Ukrayna qoşunlarının geri çəkilməsini çətinləşdirmək üçün rusların bölgədəki körpüləri dağıtması olub.
AzVision.az xəbər verir ki, ukraynalı hərbçilərə və analitiklərə istinad edən “The New York Times (NYT)” nəşri belə məlumat yayıb.

“Rusiya pilotsuz təyyarələri Ukrayna qoşunlarının geri çəkilməsini çətinləşdirmək üçün körpülərdə əvvəlcədən quraşdırılmış partlayıcıları vurur. Bir dəfə ruslar böyük bir arteriyanı bağlamaq üçün 6000 funtluq idarə olunan bomba atıblar”, - Artyom adlı ukraynalı briqada komandirinə istinad edən qəzet yazır.

Ukraynalı hərbçilərin iddiasına görə, yanvar ayında döyüş meydanından geri çəkilən Şimali Koreya qoşunları Kursk bölgəsindəki vəziyyətin yaranmasında mühüm rol oynayıb. Koreyalılar fevralın əvvəlində geri qayıdanda artıq döyüş bacarıqlarını artırmışdılar.

- Fevralın ortalarında ruslar Ukraynanın Sudjaya gedən əsas təchizat marşrutlarından beş mil məsafədə irəlilədilər və bu, onlara çoxlu sayda pilotsuz təyyarələrlə yolları bombalamağa imkan verdi. Ultranazik fiber optik kabellərə bağlanmış PUA-lar müdaxiləyə qarşı immunitetə malik idi”, -USQ-nin tağım komandirlərindən biri nəşrə açıqlamasında deyib.

Peskov: “Putinin təklifinin vaxtı daralır”
Ukraynalı analitiklər qeyd edirlər ki, avtomobillərin Rusiya PUA-ları üçün asan hədəfə çevrilə bilməsi təhülkəsi üzündan Ukrayna qoşunlarının təxliyyəsi əsasən piyada həyata keçirilib. Rusların əlinə keçməməsi üçün bəzi ukraynalı əsgərlər ərazidən çıxmazdan əvvəl öz texnikalarını yandırmağa məcbur olublar. Hərbçilər Sudjadan geri çəkilmək əmrini martın 10-da aldıqlarını bildirdilər.

“Geri çəkilmə həm nizamlı, həm də xaotik olub, müxtəlif amillərin təsiri altında olub. Yorğunluq, ayrı-ayrı komandirlərin yaxşı və ya pis əmrləri, zəif ünsiyyət və ya yaxşı əlaqələndirmə halları mövcud idi”, - hərbçilərdən biri deyib.

Ukraynalı mənbələrə və hətta “bəzi tanınmış rus hərbi blogerlərinə” istinad edən nəşrin iddiasına görə, prezidentlər Donald Tramp və Vladimir Putinin dedikləri kimi, burada heç vaxt çoxlu sayda Ukrayna hərbçiləri mühasirəyə alınmayıb.

Qeyd edək ki, bundan əvvəl Vladimir Putin Rusiyanın Təhlükəsizlik Şurasının iclasında Ukrayna hərbçilərinin Kurskda silahı yerə qoyacağı halda onlara həyat və layiqli rəftar təminatı verib. Lakin onun sözlərinə görə, müvafiq əmr Ukrayna rəhbərliyindən gəlməlidir.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Ukrayna   Kursk   çəkilmə  





Xəbər lenti