Vyanada Novruz şənliyi keçirilib

Vyanada Novruz şənliyi keçirilib
  17 Mart 2025    Oxunub:805
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi nəzdində Ana dili həftə sonu kursunda Novruz şənliyi təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova xalqımızın sevimli bayramı olan Novruz barədə danışıb, Vətəndən uzaqda milli adət-ənənələrin yaşadılması və gənc nəslə ötürülməsinin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, Ana dili həftə sonu kurslarında iştirak edən uşaqlar Novruz ərəfəsində valideynləri üçün böyük həvəslə bayram proqramı hazırlayıblar.

Sonra kursun rəhbəri Yeganə Balamədova bayram proqramı barədə məlumat verib, Vyanada yaşayan soydaşlarımızı öz övladlarını daha fəal şəkildə Mədəniyyət Mərkəzi nəzdindəki həftəsonu kurslarına, rəsm və rəqs dərnəklərinə üzv yazdırmağa dəvət edib. Bildirilib ki, balacalar ana dilində şeir və mahnılar, eləcə də müxtəlif milli rəqslər öyrəniblər.

Sonra uşaqlar səhnəyə çıxaraq, Novruza həsr olunmuş mahnılar və şeirlər səsləndirib, milli rəqslər ifa ediblər. Bədii hissədən sonra uşaqlar və valideynləri bayram süfrəsinə dəvət edilib, uşaqlar üçün Novruza xas oyunlar təşkil olunub.

Azərbaycan Mədəniyyət Mərkəzində dil kursları iki istiqamətdə fəaliyyət göstərir. Avstriyada yaşayan soydaşlarımızın övladları üçün həftəsonu kurslarında Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi və mədəni irsi barədə biliklər öyrədilir.

Filologiya üzrə fəlsəfə doktoru Yaqut Abdallanın rəhbərlik etdiyi kurslarda isə Azərbaycan dili xarici dil kimi tədris olunur. Əcnəbilər üçün Azərbaycan dili kursu Mədəniyyət Mərkəzinin təsis olunduğu 2013-cü ildən fəaliyyət göstərir.

AzVision.az


Teqlər:





Xəbər lenti