Ravil Qaynutdin: “İslam dünyası Azərbaycana kömək etməyə hazırdır”

      Ravil Qaynutdin:    “İslam dünyası Azərbaycana kömək etməyə hazırdır”
  15 Mart 2025    Oxunub:604
İşğalçıların təhqir etdiyi, mal-qara saxladığı məscidləri əyani şəkildə görmüşəm.
AzVision.az xəbər verir ki, Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Ravil Qaynutdin Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayev ilə görüşü əsnasında belə deyib.

“Biz Azərbaycanın öz suverenliyinin bərpası və tarixi torpaqlarının azad edilməsi uğrunda apardığı ədalətli mübarizəyə ilk dəstək verənlərdən olduq. Azərbaycanın Qələbəsinə sevindik və işğal olunmuş torpaqlar azad ediləndən sonra ilk təbrikləri göndərdik. Bunu həm Azərbaycan Prezidenti, həm də Azərbaycan xalqı çox ciddi qiymətləndirdi”, - müfti vurğulayıb.

O, Qafqaz Müsəlmanları İdarəsinin sədri seyxülislam Allahşükür Paşazadəyə də dərin təşəkkürünü bildirib, onu böyük qardaşı hesab etdiyini vurğulayıb.

“Mən şeyxülislam Allahşükür Paşazadəyə işğaldan azad olunmuş Qarabağ torpaqlarını ziyarət etmək dəvətinə görə səmimi-qəlbdən təşəkkür edirəm. Şuşa şəhərinin bərpa olunmuş məscidində namaz qılmaq mənim üçün xüsusi şərəf idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxış etdiyi məsciddə Uca Allah mənə də namaz qılmaq imkanı verdi. Bu məscid möhtəşəm, saf, müqəddəsdir və orada İslam tarixinin ruhu hiss olunur”, - Ravil Qaynutdin deyib.

Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Qarabağda İslam irsinin bərpasının bütün İslam dünyası tərəfindən dəstəkləndiyini vurğulayıb: “İslam dünyası məscidlərin bərpasında Azərbaycana kömək etməyə hazırdır. Biz, Rusiya müsəlmanları da bu nəcib işə qoşulacağıq. Bizim milyonlarla müsəlmana müraciət etmək, vəsait toplamaq və onları Qarabağın müqəddəs yerlərinin bərpasına yönəltmək imkanımız var”.

O, əlavə edib ki, əsl dostluq təkcə sülh dövründə yox, həm də çətin zamanlarda sınanır.

- Dostlar təkcə sevincdə deyil, həm də çətin anlarda - evlərin, xüsusən də məscidlərin yenidən qurulması lazım olanda orada olmalıdır. Azərbaycanlı qardaşlarımızın yanında olacağıq – duada da, mənəvi dəstəkdə də, real yardımda da. İnşallah. Biz bilirik ki, İslam dünyası – Azərbaycanın dostları da öz dəstəyini verəcəklər”.

Müfti Rusiya Müsəlmanları Ruhani İdarəsinin iştirakı ilə yaradılmış Beynəlxalq Müsəlman Forumunun mütəmadi olaraq müxtəlif ölkələrin paytaxtlarında keçirildiyini bildirib və 2025-ci ildə forumun Bakıda keçiriləcəyinə ümidvar olduğunu deyib.

Müfti, həmçinin vurğulayıb ki, Rusiyanın müsəlman icması bu ilin mayında keçiriləcək İslamofobiya ilə Mübarizə üzrə Bakı Beynəlxalq Konfransını dəstəkləyir və onun həmtəsisçisi kimi çıxış etməyə hazırdır.

Öz növbəsində, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev görüşün əhəmiyyətini qeyd edərək, onun Ramazan ayının müqəddəs günlərində baş tutduğuna diqqət çəkib.

Səfir Rəhman Mustafayev Azərbaycanla Rusiya arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsində Rusiya Müsəlmanları Ruhani İdarəsinin mühüm rolunu qeyd edib, iki ölkənin müsəlman icmaları və digər konfessiyaları arasında dialoqun vacib olduğunu bildirib. O, həmçinin iki ölkənin təhsil müəssisələri arasında dinlərarası və millətlərarası tolerantlıq və qarşılıqlı anlaşma mühitinin gücləndirilməsinə yönəlmiş birgə layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Söhbət əsnasında R.Mustafayev müfti R.Qaynutdinə və Rusiya Müsəlmanları Ruhani İdarəsinə Qarabağ münaqişəsinin tam həllində Azərbaycanın ədalətli mövqeyinə və dəstəyinə görə təşəkkür edib.

AzVision.az




Teqlər: Qaynutdin   Mustafayev  





Xəbər lenti