Böyük futbol kiber meydana qayıdır

  22 Aprel 2020    Oxunub : 2917
Böyük futbol kiber meydana qayıdır
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilk dəfə Premyer Liqada, birinci divizionda, region liqasında, qadınlar yüksək liqasında, çimərlik futbolu və futzal üzrə, əlillərdən ibarət komandalar arasında keçirilən turnirlərdə iştirak edən komandaları e-futbol liqasına dəvət edir.
Azvision.az xəbər verir ki, AFFA-nın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək e-Milli Liqa, sözün əsl mənasında, futbolu real həyatdan virtuala daşımağı bacaranlar üçündür. Bu çağırış PES2020-də rəqib tanımayan, klubunun e-Milli Liqada təmsil olunmasını istəyənlər üçün gözəl imkandır.

Yarışda iştirak etmək istəyənlər aprelin 25-dən mayın 15-dək komandasını qeydiyyatdan keçirməlidir. Yarış isə mayın 25-də keçiriləcək.

Futbol üzrə kiber çempionat PES2020 qaydaları əsasında təşkil olunacaq, komandaların oyun konsolları və hesabları isə təmsil etdikləri klublar tərəfindən təmin olunmalıdır.

Hər komandanın heyəti klub tərəfindən müəyyənləşdirilmiş, 18 yaşı tamam olmuş 2 nəfərdən ibarət olacaq. Hər komanda qalibi müəyyənləşdirəcək 2 oyun keçirəcək. Hər mövsüm iki turnirdən ibarət olacaq və hər bir turnir 3 ay davam edəcək. Oyunun qaydaları haqqında ətraflı məlumatı www.eml.az saytından əldə etmək olar.

Turnirin qalibinə e-Milli Liqanın Kuboku təqdim olunacaq, həmçinin qalib komanda e-milli komandada iştirak şansı qazanacaq. İkinci və üçün yerin sahiblərinə isə təşkilatçılar tərəfindən müxtəlif dəyərli hədiyyələr təqdim olunacaq. Qeyd edək ki, pul mükafatları oyunçunun liqa zamanı toplamış xallarının x100 AZN mislinə (1-ci yer üçün); x50 AZN mislinə (2-ci yer üçün) və x20 mislinə (3-cü yer üçün) bərabərdir.

Turnir ərzində ən yaxşı nəticə göstərən 6 oyunçunun beynəlxalq kiber çempionatlarda iştirakı təmin olunacaq. Eyni zamanda, Avropanın ən məşhur futbol klublarını təmsil edən kiber komandalar ilə yoldaşlıq görüşləri unudulmaz təcrübə olacaq.

Azvision.az

Teqlər: AFFA   Futbol   Meydan   Çempionat