Son söz demək xəstəliyi

Son söz demək xəstəliyi
  03 Yanvar 2014    Oxunub:2218
Ətrafınızdakı insanları bir neçə saat müşahidə etsəniz, əksəriyyətinə hakim olan bir xüsusiyyəti görərsiniz: Onlar hər bir müzakirədə son sözü özləri demək istəyirlər. Bu, böyük bir çatışmazlıqdır.
İnsan həqiqətən, çox ağıllı ola bilər. Hamıdan daha təcrübəli, daha əsaslı düşünə bilər. Ancaq bütün bu şərtlər bir yerdə olsa belə, insanın yalnız öz ağlına güvənməsi, öz dediyində təkid etməsi və heç kimin düşüncəsinə etibar etməməsi bir çox cəhətdən səhvdir.

İnsanın hər nə olursa-olsun, son sözü söyləmədən rahat ola bilməməsinin arxasında gizlənən hiss eqoistlik, yəni böyüklük hissidir. Nəfslərindəki hər kəsdən daha böyük olmaq istəyi bu insanların ətrafdakı digər insanlar üzərində yalnız özlərinin söz sahibi olmağa çalışmasına səbəb olur. Bu cür insanlar ancaq öz dediklərinin olmasını, hər bir hadisənin onların təklifinə görə həll edilməsini, hər kəsin onun doğru və səhvlərinə tabe olmasını, həmçinin hamının ən çox hörmət və etibar etdiyi şəxsin özlərinin olmasını istəyərlər.
Bunun əksini edən biri olduqda isə eqoistlik hissinə qapılan insanlar bu adamın rəftarlarından olduqca narahat olurlar. Özləri kimi son sözü demək xəstəliyinə tutulmuş başqa bir adamla qarşılaşdıqları zaman isə bu şəxsə ciddi şəkildə qarşı çıxır və qalib gəlmək istəyinə qapılırlar.

Bir mövzuda üstünlük təmin etmək, haqlı çıxmaq, öz fikirlərini qəbul etdirmək və son sözü demək üçün gözəl əxlaqa uyğun olmayan bir çox rəftar göstərməyi də nəzərə alırlar. Bəzən tərs davranışlar göstərib sərt üslublardan istifadə edərək, söz kəsərək, incidici sözlər söyləyərək, gözəl söhbəti mübahisəyə çevirərək bu pis vərdişi davam etdirirlər.

Halbuki, insan haqlı çıxmağı deyil, başqalarına sevgi, hörmət, təvazökar və xoş yanaşmağı, ən doğrunu bilsə belə, mövzunu mütləq onların könüllərini alıb mehribanlıqla, onların razı qalacağı şəkildə həll etməyi düşünməlidir. İnsanın doğru olan bir şeyi tətbiq etməsinin bir sıra gözəl yolları var. Şəxsin bütün bu gözəl əxlaq xüsusiyyətlərinə əhəmiyyət vermədən, yalnız doğru bildiyini söyləyib keçməsi isə gözəl əxlaqi avranişlara uyğun deyil.

Bundan əlavə, bir insanın hər zaman, hər mövzuda mütləq ən doğru olanı bilməsi çox çətindir. Hər kəsin ətrafındakı insanlardan öyrənəcəyi, istifadə edəcəyi, fikir mübadiləsi aparacağı, nümunə götürəcəyi bir çox mövzu var. Bəzən bir nəfərin heç düşünə bilmədiyi detal, başqasının ağlına gələ bilər. Hər kəs bir mövzunu fərqli cəhətlərini görər, hər kəs fərqli üsullarla öz düşüncələrini ifadə edə bilər.

Buna görə də insanın özündən başqa heç kimi söz sahibi qəbul etməməsi, özündən başqasının sözünü dinləməməsi və mövzuya həmişə özünün nöqtə qoymasını istəməsi məqbul qarşılanacaq əxlaq deyil.

Bu zehniyyətə sahib olan insan dünyanın ən ağıllı insanı olsa belə, yenə də dostlarına doğmalarına qarşı təvazökar olmalıdır. Ən yaxşı bildiyi bir mövzuda belə bu əxlaqın tələbi olaraq son sözü başqalarının öhdəsinə buraxmalı, hər kəsin fikrinə hörmət etməli, nəzakətlə və könül almaqla hərəkət etməlidir.

İnsan nə qədər özündən əmin olursa-olsun, son sözü söyləmədiyi zaman o mövzuda çatışmazlıq olmayacağını bilməlidir. Əgər ağıllı insan vicdanına tabe olaraq gözəl əxlaq göstərirsə, Yaradanın onu hər zaman ən doğru olana yönəldəcəyindən və ona ən doğru olanı etdirəcəyindən əmin olmalı və heç vaxt şübhəyə düşməməlidir.

Zaur Rzayev



Teqlər:





Xəbər lenti