“Ölkədə işsizlik və yoxsulluq səviyyəsi 5%-ə düşüb” - Nazir

 “Ölkədə işsizlik və yoxsulluq səviyyəsi 5%-ə düşüb”  -    Nazir
  14 Oktyabr 2019    Oxunub:4859
2003-cü illə müqayisədə Azərbaycanda ÜDM-i 3,4 dəfə, orta əmək haqqı 7,5 dəfə, minimum pensiya 10 dəfə artıb, 2,2 milyondan çox yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq səviyyəsi 5%-ə düşüb.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, cari il ərzində minimum əmək haqqının 93%, minimum pensiyanın 72%, sosial müavinət və təqaüdlərin orta hesabla 2 dəfə artırılması, 2 yeni növ təqaüdün təsis edilməsi və s. kimi tədbirlər 4 milyon 200 mindən çox vətəndaşın rifahına əhəmiyyətli sosial dəstək verib.

"Yeniliyi ilə unikal olan DOST layihəsi vahid elektron platformada 132-dən çox sosial xidmətin göstərilməsində tam şəffaflıq, çeviklik, operativlik və rahatlığı təmin edir. DOST Mərkəzinə 5 ayda müraciət edənlərin sayı 40 mindən çox olub, sorğular nəticəsində isə DOST xidmətlərinin keyfiyyətindən tam məmnunluq səviyyəsinin 93%-i keçdiyi müəyyən edilib. Bu ilin sonuna qədər daha iki DOST mərkəzinin açılması, 2025-ci ildə isə ölkədə onların sayının 31-ə çatdırılması planlaşdırılır".

S.Babayev ölkəmizdə 2018-ci ilin sonlarında istifadəyə verilən, 16 altsistemi, 2 reyestri birləşdirən vahid “e-sosial” portalı barədə məlumat verib. Qeyd edib ki, portal vasitəsilə vətəndaşlar əmək, məşğulluq, əlillik, sosial müdafiə və sosial təminatla bağlı özləri haqqında tam məlumat əldə edə, habelə nazirlik tərəfindən təqdim olunan 100-dən çox xidmət növündən yararlana bilərlər.

“Məşğulluq” altsistemi isə işsiz və iş axtaran vətəndaşların, həmçinin işəgötürənlərin, məşğulluq xidmətlərinin elektron platformada təmin olunmasına imkan verir. İşə qəbul olunanların, habelə işsiz və iş axtaranların qeydiyyatı, avtomatlaşdırılmış iş bankı və Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən bütün elektron xidmətlər bu altsistemdə əhatə olunur. Oktyabr ayının sonunda Məşğulluq alt sistemi tam istifadəyə veriləcək".

Nazir daha sonra Azərbaycanın yeni Məşğulluq Strategiyası, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, həmçinin ölkəmizdə icra olunan və artıq 38 min işsizin əmək müqaviləsi ilə ödənişli ictimai işlərə cəlb olunduğu “İşsizin dostu” proqramı barədə danışıb. Bildirib ki, Azərbaycanda icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi ötən il 6 dəfədən çox artıb, 2019-cu ildə isə bu proqram əsasında 10 min kiçik ev təsərrüfatı və kiçik müəssisə yaradılması nəzərdə tutulub.

Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönələn tədbirləri qeyd edən nazir vurğulayıb ki, görülən tədbirlər nəticəsində özəl sektorda əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 min 962 müqavilə və ya 16,5%, bu sektorda əmək haqqı fondu isə 33,4% artıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir  





Xəbər lenti