Azərbaycanda banklar üçün individual plan hazırlanıb

  09 Oktyabr 2019    Oxunub : 1327
 Azərbaycanda banklar üçün individual plan hazırlanıb
Elektron və mobil rezidentlik çərçivəsində Azərbaycanda ilk dəfə Rəqəmsal Ticarət Qovşağının təşəbbüsü ilə qeyri-rezidentlər üçün banka getmədən məsafədən bank hesabının açılması xidməti təqdim ediləcək.
Azvision.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov "3-cü Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda qeyri-rezidentlərin şirkətlərinin sosial xidmətlərdən istifadəsi, habelə həm özəl, həm dövlət xidmətlərinə çıxışın təmin olunması istiqamətində fəaliyyət göstərilir.

"Təsadüfi deyil ki, Rəqəmsal Ticarət Qovşağının fəaliyyəti dövründə əldə olunan uğurlar və davamlı formada həyata keçirilən islahatlar Rusiya, Türkiyə, Gürcüstan, Böyük Britaniya, İspaniya, Hindistan və digər dövlətlərin marağına səbəb olur”.

İ.Alışov bildirib ki, Azərbaycanda hər bir bank üçün rəqəmsal transformasiya ilə əlaqədar indvidual plan hazırlanıb.
"Bu gün Azərbaycan Çinin təşəbbüskarı olduğu Böyük İpək Yolu layhəsinin iştirakçılarından biridir. Bu iqtisadi kəmər layihəsinin iştirakçısı olaraq Azərbaycanda mövcud olan fiziki infrastrukturun üzərində rəqəmsal infrastrukturun qurulması və rəqəmsal həllərin həyata keçirilməsi bank sektorunun qarşısında duran əsas çağırışlardandır”.

O qeyd edib ki, bu gün Azərbaycanda ilk dəfə olaraq elektron və mobil rezidentliyin Rəqəmsal Ticarət Qovşağı vasitəsi ilə həyata keçirilməsinə start verilib: “Həyata keçirilən islahatların bir qolu olaraq artıq ölkədə bank sektoruna xarici investisiyaların cəlb edilməsi, investisiya mühitinin cəlbedici olması, eyni zamanda qeyri-rezidentlərin ölkəyə gəlmədən bank hesablarının açılması mühüm məqamlardır. Bank sektorunun üzərinə düşən əsas öhdəliklərdən biri rəqəmsallaşmadır. Maliyyə Bazarlarına Nəzarət Palatası hər bir bank üçün indvidual plan müəyyənləşdirib. Hər bir bank rəqəmsal transformasiyanı həyata keçirəcək. Bu gün Azərbaycanda elektron və mobil rezidentlik funksiyalarının tətbiqində bank sektorunun önəmli rolu olmalıdır. Bu proseslər ölkəyə xarici investisiyaların cəlb edilməsində əhəmiyyətli rol oynayacaq”.

Aytən Zəhra
Azvision.az

Teqlər: İbrahim-Alışov